

“Bütün hallarda Rusiya nüvə silahı tətbiq etməyəcəyi təqdirdə Ukraynanın qələbəsi NATO-nun hərbi dəstəyi ilə Kiyevin siyasi qətiyyəti arasındakı bərabərlik işarəsindən asılı vəziyyətdə qalmaqdadır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki,Ukraynada ruhlandırıcı performansın qalması qeyd edilən simmetriyanın sarsıdıcı pozulmamasına görədir: “Ukraynadakı müharibənin nəticələrini həyəcanla gözləyənlər postsovet regionu və Avropadır.
Çünki müharibənin nəticələri strateji olaraq bir-birilə siyasi-iqtisadi bağlılığı olan iki regionun təhlükəsizliyinə təsirlər fonunda yeni dəyişmələrə gətirib çıxara bilər.
Ukraynanı silah-sursatla və kəşfiyyat məlumatları ilə təmin edən NATO-nun iki nəhəngi – ABŞ və Böyük Britaniya – dəstəyini əsirgəməsə, Kiyev üçün üfüqdə parıltı görünəcək.
Lakin reallıq arzuolunandan bir qədər fərqlidir, artıq ABŞ-də respublikaçılar arasında yüksək səsli narazılıqlar var ki, Vaşinqton Kiyevə dəstəyə məhdudiyyət qoymalıdır. Bu çağırışlar ABŞ-nin düşdüyü iqtisadi vəziyyət fonunda arqument kimi ortaya qoyulur, belə durum Ukraynanın yeni yaranmaqda olan əks-hücum əməliyyatları üçün riskləri artırır”.