Rəsmi Ankara ittihamlara cavab verir Dünya

Rəsmi Ankara ittihamlara cavab verir

Tofiq Abbasov: "Bu, bütün Türkiyənin qazancıdır"

Cavid

Türkiyədə hərbi çevrilişə cəhd göstərən və nəticədə həbs edilən generalların ağır cəzaya layiq görüləcəyi bəyanatından sonra Avropa rəsmi Ankara ilə münasibətlərinə yenidən baxacağı fikrinin irəli sürüb. Türkiyənin bu addımı atacağı təqdirdə Avropa İttifaqına üzv olmayacağı və hətta HATO-dan çıxarılacağı söz-söhbəti də dolaşmaqdadır. Söhbət Türkiyədə ölüm hökmünün qüvvəyə minəcəyindən gedir. Rəsmilər isə Türkiyəyə qarşı səslənən fikriləri cavabsız qoymayıblar.
Fransa Xarici İşlər naziri Jan-Mark Eyro söyləyib ki, Türkiyədə həbri çevrilişə cəhddə günahlandırılanların cəzalandırılması qanun çərçivəsində aparılmalı və avtoritar hakimiyyətin güclənməsinə kömək etməməlidir.
Onun sözlərinə görə, Fransa Türkiyədəki çevriliş cəhdini qətiyyətlə qınayır: "Buna rəğmən, biz Türkiyədə demokratiyadan üz döndərən siyasi sistem hazırlanmasına imkan verməməliyik. Türkiyə son illər böyük inkişafa nail olub. Bu işdə diqqətli olmaq lazımdır".
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının nümayəndəsi Yohan Xanın tənqidlərinə münasibət bildirib.
Nazir tənqidlərin yersiz olduğunu bildirib: "15 iyulda demokratiyamızı və konstitusiyamızı hədəf alan, xeyli günahsız insanın həyatı bahasına başa gələn qanlı hərbi çevrilişə cəhd oldu. AB və müttəfiqlərimizdən ölkəmizdəki demokratik prosesi dəstəkləmələri və çevriliş cəhdini şiddətlə qınamaqlarını gözləyirik. Türkiyə heç bir halda insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplərdən geri addım atmayacaq. Təəssüf ki, Xanın ölkəmizdə yaşanan hadisələri tam qavramadığı görünür".
Xatırladaq ki, Fransanın Strasburq şəhərində jurnalistlərin suallarını cavablandıran Yohan Xan Türkiyədə aparılan kütləvi həbsləri qınamışdı: "Hadisənin dərhal ardından siyahılar çoxdan hazır idi. Bu vəziyyət müəyyən bir mərhələdə istifadə etmək üçün hazırlanıb".
Politoloq Tofiq Abbasov bildirib ki, indi artıq tamam başqa bir reallıq formalaşıb: "Ölkədə vətəndaş və demokratik cəmiyyətin həmrəyliyi təqdirəlayiqdir. Bu, bütün Türkiyənin qazancıdır. Hətta Suriya qaçqınlarının belə prosesdə yaxından iştirakı ondan xəbər verir ki, daxili və ümummilli konsensus üçün çox yaxşı şərait var. Ona görə də Ərdoğan əvəzçıxma siyasətində balansı saxlamalıdır".
Politoloq hesab edir ki, Türkiyə hökuməti belə bir dönəmdə xarici ölkələrlə də mötədil siyasət aparmalıdır: "Amerikadan tutmuş Qərbə qədər və bütün yaxın qonşuları ilə hesab çürütmək sonu görünməyən bir siyasət olardı. Hazırda müasir Türkiyənin güclü olmasını istəməyən qüvvələr az deyil. Ankara çox diqqətli olmalıdır. Faktdır ki, Azərbaycandan başqa bu ölkənin bütün sahələrdə qüdrətli olmasını istəyən müttəfiqi yoxdur".
T.Abbasovun sözlərinə görə, bundan sonrakı prosesləri Ərdoğan diktə edəcək: "Bütün rəqiblərə və düşmənlərə müharibə edilsə, Türkiyə çətin durumda qala bilər. Konsensusu bərpa etmək üçün orta tipli bir siyasət seçilməli, böhranların aradan qaldırılması üçün əməli, tətbiqi planlar işlənilməlidir. Hesab edirəm ki, Ərdoğan sırf Türkiyənin gələcəyi üçün bağışlamağı da unutmayacaq. Çünki amnistiya olmasa, problemlər daha da dərinləşə bilər. Bu məqamlar hazırkı Türkiyə üçün çox vacibdir".
Politoloq Vasif Əfəndi isə bildirib ki, Türkiyədə baş vermiş hadisələrin ordunun ayağına yazılması kökündən yanlışdır. Bu hadisəni bir qrup hərbiçinin öz fəaliyyəti adlandırmaq daha düzgündür. Çünki, indiyə qədər ordunun təşkil etdiyi və həyata keçirdiyi bütün darbelərin başında Baş qəragah rəisləri dayanırdısa bu dəfə başıpozuq qrupun hərəkətləri ilə rastlaşdıq. Hadisələr başlayan andan yanlış yapdıqlarını anlayan qrup xalqın təpkisi qarşısında təslim oldu və silahı yerə qoydu. Xalqın bu aktifliyi Ərdoğan hakimiyyətini qorusa da gələcəkdə proseslərə nəzarəti öz öhdəsində saxladı. Bundan sonra hesab edirəm ki, daxili siyasətdə Ərdoğan korrektələr etməlidir. Çeviriliş cəhdi edən qrup xalq tərəfindən necə zərərsizləşdirilsə, bundan sonra xalqın etimdanı qazanmayan hökumət eyni təpki ilə qarşılaşacaq.
Həbs olunanlara qarşı ölüm hökmünü tətbiq edilməsi üçün Ana Yasada dəyişiklik təklifi edilməsi və Ərdoğanın bu qanunun imzalayacağını bildirməsi Türkiyə üçün gələcəkdə Avropa Birliyi və ABŞ -la böyük problemlər yarada bilər. Ölüm hökmünün bərpası və tətbiqi Qərblə münasibətlərin üstündən xətt çəkməklə yanaşı NATO ilə də münasibətləri bitirə bilər. Belə olan təqdirdə Türkiyə özünə yeni müttəfiq axtarmalıdır. Türkiyə çapında dövlətin yeni müttəfiqləri Çİn və Rusiya olması ehtimalını ( başqa variant yoxur) nəzərdən keçirsək ilk baxışda bu real görünsə də prespektiv baxımdan əlverişli deyil, çünki, hər iki dövlət ilk növbədə öz şəxsi maraqlarından çıxış edir və onların heç vaxt daimi müttəfiqləri olmayıb. Rusiya ilə bağlı son hadisələr bir daha sübut etdi ki, bu ölkəıyə nəinki güvənilir, heç onunla normal iqtisadi işbirliyi yapmaq mümkün deyildir. Ona görə də hesab edirəm ki, Türkiyə tez bir zamanda baş verən hadisələri soyudaraq ən böyük problemi olan kürd sorunu ilə məşğul olmalıdır.
Voll Strit Jurnal isə yazır ki, Türkiyədəki hərbi çevriliş cəhdi ABŞ siyasətinə təsir göstərə bilər.
Nəşrin iddialarına görə, Vaşinqton Ankara ilə Fətullah Gülən mövzusunda ehtiyatlı davranmağa və risk etməməyə çalışır: "Türkiyə bütün baş verənlərdə ABŞ-ın hər hansı bir izinin olduğuna inanır və qarşı tərəfdən bu fikrin əksini sübuta yetirən bir addım atmasını gözləyir.
Əslində isə ABŞ müttəfiqi və NATO üzvü olan Türkiyədə baş verə biləcək istənilən "demokratiya eroziyası" Ağ Evin İŞİD-lə mübarizə və digər məsələlərdə ziyanına baş verir.
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla verdiyi qərardan sonra Türkiyədəki hərbi çevrilişə cəhd NATO-nun işini daha da çətinləşdirir".
Bu arada actual olan mövzulardan biri də Türkiyədəki prosesin dünya bazarına necə təsir etməsidir.
Montre sazişinə əsasən, Türkiyəyə xaricdən müdaxilə olduğu təqdirdə boğazların bağlı qalması müəyyən dövr üçün mümkündür. Bu baş vermədiyindən boğazlar yalnız naviqasiya üçün bir neçə saat ərzində bağlı qaldı.
Bu sözləri açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspertin sözlərinə görə, Türkiyədə məlum hadisədən sonra boğazlar açıldığı ilk gündən məhz dünyada gedən proseslərə görə neftin ucuzlaşmasını müşahidə edirik: "Yəni neftin qiyməti Türkiyədə gedən siyasi proseslərlə bağlı deyil. Türkiyədə dövlət çevrilişinə cəhd bu ölkənin təchizatda axsamasına yol açmayacaq və buna görə də dünyadakı iqtisadi proseslərə təsir etməyəcək".