Rusiya bombardmançıları İranda Dünya

Rusiya bombardmançıları İranda

Bu, strategiya yox, simvoldur!

Cavid

KİV-lərdə Rusiya bombardmançı təyyarələrinin Suriyaya zərbə vurmaq üçün İranın hərbi bazasından döyüş uçuşları həyata keçirməsi barəsində çox yazılıb. Bəs nə dəyişib?
Bombardmançı təyyarələrin Rusiyanın cənubundan deyil, İran bazalarından uçması bombalama məsələsində nəyisə dəyişmir. Bundan əlavə, İran bazasından havaya qalxan təyyarələrin Bəşər Əsəd rejiminə qarşı vuruşan Suriya müxalifət qüvvələrinin məğlubiyyətini sürətləndirəcəyi isə, hələlik tam bəlli deyil (Şübhəsiz ki, kiçik məsafə və nisbətən az miqdarda aviasiya yanacağından istifadə olunması bomba yükünün artırılmasına imkan verir).
"The National İnterest" (ABŞ) yazır ki, çoxsaylı münaqişlərdəki təcrübə göstərir ki, təkcə havadan bombalama kampaniyası, müqavimət qüvvələri üzərində qələbə çalmağa kifayət etmir. Suriya istisna deyil. Digər münaqişələrdə olduğu kimi, Suriyadakı müqavimət qüvvələrini məğlubiyyətə uğratmaq üçün quru qoşunlarını cəlb etməklə, daha məsrəfli və incə kampaniya aparmaq lazımdır. Əlbəttə ki, bunun kömək edəcəyinə də heç bir təminat yoxdur.
Putin aydın şəkildə bildirib ki, o, Suriyadakı silahlı müxalifət ilə mübarizəyə quru qoşunları yollamayacaq. Hizbullah və digər şiə qruplaşmaları ilə yanaşı İran ordusu artıq orada döyüşür. Lakin Rusiya, İran və onların müttəfiqləri Əsəd rejiminin mövqelərini möhkəmləndirə bilsələr də, onun çoxsaylı düşmənlərini məhv edə bilməyiblər. Ona görə də, Tehranın müəyyən məyusluq hissi keçirməsi təəccüblü deyil, həm də ki, belə bir fakt da vardır ki, Rusiya İranla birlikdə yerüstü döyüş yükünü bölüşmək istəmir. Beləliklə də Suriyada döyüş tapşırıqları yerinə yetirən Rusiya bombardmançılarının İran bazasından havaya qalxması, mühüm hərbi manevrdən daha çox Rusiya ilə İran arasındakı həmrəyliyin nümayişidir.
Moskvanın İran bazasından Suriyaya öz bombardmançılarını yollamasının, münaqişənin gedişinə əhəmiyyətli təsir göstərməməsinə baxmayaraq, bu hadisə bir fakt kimi tərəfələr arasındakı münasibətlərdə mühüm amil sayılmalıdır.
Fars körfəzinin bəzi monarxları ümid edirdilər ki, Rusiyaya iqtisadi ələqələrin möhkəmləndirməsini təklif etsələr, onlar Suriya məsələsində Moskvanı Tehrandan ayıra bilərlər. Amma Rusiya təyyarələrinin İran bazasından havaya qalxması, bu ümidlərin əsassız olduğunu göstərir. Əslində, ola bilər ki, Tehran rəhbərliyi ilk növbədə məhz bu cür təsəvvür yaratmaq istəyir.
Demək olar ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da aydın şəkildə Əsədin getməsində israr edir və ümid bəsləyir ki, Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması Suriya məsələsində Moskvanı Ankara ilə yaxınlaşdıracaq. Lakin Putinin davranışları, hazırkı vəziyyətdə onun İranın tərəfində olduğunu göstərir.
Bundan başqa İsrail inamaq istəyir ki, Rusiyanın Suriyadakı iştirakı İran və Hizbullahı ona qarşı ola biləcək hücumlardan saxlayır. Ancaq hər halda İsrail, Moskva və Tehranın hərbi əməkdaşlığını həyəcanla izləyir. Bu əməkdaşlıq həmçinin Vaşinqtonun bəzi nümayəndələrinin İranla müqayisədə Rusiyanın sülh yoluyla və ABŞ-la qarşılıqlı şəkildə bu münaqişənin həllinə hazır olmasına bəslədiyi ümidlərin üstündən xətt çəkir.
Bəlkə də Suriya məsələsinə görə, Rusiyanın İranla hərbi əməkdaşlığından Qərb və ya regional oyunçuların məyus olması, Moskvanı qətiyyən narahat etmir. Çünki indi xeyli sayda hökumətlər Moskva ilə əlaqələr yaratmağa cəhd göstərirlər.
Suriya məsələsində bütün beynəlxalq oyunçuların Moskva ilə əməkdaşlıq etməsinin vacib olması variantı, deyəsən Moskva üçün inandırıcı görünür. Lakin Rusiya münaqişənin həll planının digər xarici oyunçuların və müxalifətin böyük əksəriyyətinin razılaşacağı variantın qəbul olunmasını İran və Əsəd rejiminə inandırmalıdır. Əgər aydın olsa ki, Tehran və Əsəd rejimi kimi Rusiyanın özü də Suriya müxalifətini tamamilə məhv etməyə qərarlıdır, onda Moskva ilə mümkün əməkdaşlıq ümidləri birdəfəlik puça çıxacaq.
Əgər Moskva, Tehran və Dəməşq birlikdə müxalifət üzərində qəti qələbə çalacaqlarsa, onda Suriya məsələsində Rusiya ilə əməkdaşlıq ümidinin yıxılması heç bir əhəmiyyət kəsb etməyəcək. Amma hələlik onlar bunu edə bilməyiblər. Heç bir sülh razılaşması perspektivi olmadan müxalifəti məhv etmək cəhdi, yalnız Əsəd rejiminə qarşı daxili müqaviməti artıracaq. Nə vaxta qədər ki, ölkə daxilində müqavimət saxlanılacaqsa, onu ən azından Səudiyyə Ərəbistanı və ola bilər ki, Türkiyə kimi bir neçə xarici güc dəstəkləyəcək. Ona görə də, Rusiya bombardmançılarının hansı bazadan uçmasından asılı olmayaraq, bütün tərəflər üçün vəziyyət əvvəlki kimi qalmaqdadır.