“Rusiya Avropaya sata bilmədiyi məhsulların tamamını Çinə yönəldib” Dünya

“Rusiya Avropaya sata bilmədiyi məhsulların tamamını Çinə yönəldib”

“Rusiya və Çinin məqsədi iqtisadi inteqrasiyanı gücləndirməkdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: “Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya sata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da mənfi təsiri artacaq.

Çinlə Rusiya həmçinin hərbi əməkdaşlığı gücləndirməyə çalışırlar. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar”.