Rusiya bombardmançıları Britaniya hava sərhədindən çıxarılıb Dünya

Rusiya bombardmançıları Britaniya hava sərhədindən çıxarılıb

"The Telegraph" yazır ki, iki Rusiya bombardmançı təyyarəsinin Birləşmiş Krallığın hava məkanına yaxınlaşmasına cavab olaraq Britaniya Kral Hava Qüvvələrinin iki Typhoon qırıcısı Şotlandiyadakı bazadan havaya qaldırılıb. Bu barədə məlumatı Britaniya Müdafiə Nazirliyi verib. Qərbin hərbi dairələrində "Blackjack" ləqəbi ilə tanınan Tupolev 160 bombardmançıları Norveç istiqamətindən gələrək Britaniyanın Şetland adalarına yaxınlaşmaqda idilər. Səsdən iti uçan Tupolev 160 həm də "Belıy Lebed" adı ilə məşhurdur və 1987-ci ildə istismara verilən son sovet strateji təyyarəsidir. Kral Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, iki Typhoon qırıcısı Lossiemouth hərbi hava bazasından qalxaraq Rusiya təyyarələrini Birləşmiş Krallığın hava məkanı yaxınlığından geri qaytarıb.
"Rusiya təyyarələri Birləşmiş Krallığın hava məkanını pozmayıblar" - deyib sözçü qadın. "The Telegraph" yazır ki, "hər ehtimala qarşı" başqa iki qırıcı da Linkolnşirdəki hərbi bazadan havaya qaldırılıb, lakin onların müdaxiləsinə ehtiyac olmayıb. Məqalədə deyilir ki, ötən il ərzində Rusiya hərbi təyyarələrinin Birləşmiş Krallığın hava məkanı yaxınlığında görünməsi halları bir neçə dəfə qeydə alınıb. Ötən ilin dekabrında Britaniyanın hərbi rəsmiləri Moskvadakı həmkarları ilə bu insidentləri müzakirə ediblər. Müdafiə naziri Michael Fallon deyib ki, bu danışıqlarda "hər hansı anlaşılmazlıqların" qarşısının alınması yolları müzakirə edilib.
Ötən ilin sentyabrında keçmiş Rusiya generallarından biri "The Telegraph" qəzetinə bildirmişdi ki, Rusiya uzaqmənzilli nüvə bombardmançılarının Britaniya sərhədi boyunca uçuşları casusluq xarakteri daşıyır, lakin təxribat kimi qiymətləndirilməməlidir. Hazırda təqaüddə olan və analitik mərkəzlərdən birində çalışan general-leytenant Yevgeni Bujinski demişdi ki, kəşfiyyat uçuşları normal praktikadır və NATO təyyarələri də Rusiya sərhədləri boyunca belə uçuşlar edir.