Vaşinqtondan Moskvaya Suriya xəbərdarlığı Dünya

Vaşinqtondan Moskvaya Suriya xəbərdarlığı

Hələbdə baş verənlər Vaşinqtonun ciddi etirazını doğurub

Suriya və Rusiya silahlı qüvvələri bir həftəyə yaxındır Suriyanın Hələb şəhərini bombalayır, ərazini terrorçulardan təmizlədiklərini deyirlər. Bir neçə xəstəxana, çörəkxana yerlə-yeksan edilib. Abcnews-un məlumatına görə, keçən həftə şəhərə 1700 bomba zərbəsi endirilib, minə yaxın adam, o cümlədən yüzlərlə uşaq ölüb. "Ağ dəbilqəlilər" xilasetmə təşkilatı Hələbdə cəmi 30 həkimin qaldığını, ordunun kaset və bunker əleyhinə bombalardan istifadə etdiyini bildirir.

"Diplomatiyadan kənar" variantlar

Hələbdə baş verənlər Vaşinqtonun ciddi etirazına səbəb olub. ABŞ-ın dövlət katibi Con Kerri sentyabrın 28-də rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, Hələbdə əməliyyatlar dayandırılmazsa, danışıqlar prosesinin dondurulacağını, cihadçılara qarşı birgə əməliyyat planının üstündən xətt çəkəcəklərini bildirib.
"New-York Times" yazır ki, C.Kerrinin telefon zəngi Vaşinqtonun Moskvaya atəşkəs pozulandan bəri ən ciddi xəbərdarlığıdır. Amma Vaşinqton bu hədələrlə kifayətlənmir.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby sentyabrın 28-də deyib ki, Obama administrasiyası münaqişənin həllindən ötrü "diplomatiyadan kənar" variantları gözdən keçirir. J.Kirbi detallara varmayıb.
"The Wall Street Journal"ın Amerika rəsmilərinə istinadla yaydığı məlumata görə, Birləşmiş Ştatlar Suriyadakı qiyamçılara silah verilməsi barədə müzakirələri bərpa edəcək. Ordudan qorunmağa çalışan qiyamçıların silahla təmin olunması məsələsi əvvəl də müzakirə edilirdi, söhbət dövlət katibi Con Kerrinin Rusiyayla danışıqlarına imkan vermək məqsədilə bağlanmışdı.

"B planı"

"The Wall Street Journal" yazır ki, administrasiyanın "B planı" adlandırdığı plan qiyamçıların rus və Suriya mövqelərini uzaqdan vurmaq imkanı verən silahlarla təmin olunmasını nəzərdə tutur. Obama administrasiyası qiyamçıların hava hücumundan müdafiə sistemi ilə təminatını istisna edirdi, ancaq bəzi rəsmilər bu məsələnin də gündəmdə olduğunu bildirirlər.
Rəsmilərin sözlərinə görə, Suriya və Rusiyanın Hələbdəki əməliyyatlarının sürəti Ağ Evi müzakirələri tezləşdirməyə və öncə ehtiyatla yanaşdığı variantlara baxmağa vadar edir. Belə ki, Birləşmiş Ştatlar regionundakı müttəfiqlərinin, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanının da Suriyadakı qiyamçıları silahlandırmasına imkan verə bilər. "The Wall Street Journal" belə yazır.
"Russia Today" isə diqqəti J.Kirbinin çıxışına çəkir, onun Rusiyaya açıq-aşkar hədə-qorxu gəldiyini bildirir. "Ekstremist qruplar Suriyadakı boşluqdan istifadə edib əməliyyatlarını genişləndirə, Rusiyanın maraqlarına, hətta Rusiya şəhərlərinə zərbə vura bilərlər. Onda Rusiya öz qüvvələrini meyit torbalarında qaytaracaq, daha çox resurs, daha çox təyyarə itirəcəklər". J.Kirbi belə deyib.

Yumşaqlıq

"Russia Today" Rusiya xarici işlər naziri Sergey Lavrovun C.Kerri ilə telefon söhbəti haqda tamam fərqli danışdığını vurğulayır. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Lavrov həmkarına Amerikanın Suriyadakı qiyamçıların fəaliyyətinin dayandırılmasıyla bağlı öhdəliklərə əməl etməsinin vacibliyini bildirib.
Rusiya ilə ABŞ bu ay Suriyada atəşkəslə bağlı razılığa gəlmişdilər. Suriyaya yardım aparan BMT maşın karvanı bombalanandan sonra atəşkəs pozuldu. Vaşinqton hücuma görə Rusiyanı qınayır. Bəzi ABŞ rəsmiləri isə Vaşinqtonu yumşaqlıqda günahlandırırlar.
Bu həftə Kolumbiyaya səfəri zamanı jurnalistlərdən biri dövlət katibi Con Kerriyə "Sizə elə gəlmirmi ki, Rusiya Amerikanı barmağına dolayıb?" deyə sual verib. Kerry ona "Danışıqlar aparılmasaydı, zorakılıq davam edər, daha çox adam ölərdi" deyə cavab verib.


"Mehmetcik" və "Pələng Birlikləri" toqquşacaq


Azad Suriya Ordusu ilə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında – Əl-Bab bölgəsində toqquşa bilər.
Türkiyə mediası xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, Suriya ordusu Əl-Babın İŞİD-dən azad edilməsi üçün əməliyyata hazırlaşır.
Hazırlıq çərçivəsində Suriya ordusunun elit birliyi olan "Pələng Birlikləri" bölgəyə yerləşdirilir.
Eyni zamanda, Azad Suriya Ordusu ilə Türkiyə Əl-Bab əməliyyatı üçün hazırlaşır. Əməliyyata türkmanlardan təşkil olunan "Sultan Murad", "Fateh Sultan Mehmet" və "Hələb 1" briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu qatılacaq.

"A Planı"

"A Planı"na görə, əməliyyat üç mərhələdə keçiriləcək.
1. Əməliyyatın ilk mərhələsində Çobanbəy ilə Əl-Bab arasındakı ərazi terrorçulardan təmizlənəcək. Daha sonra Əl-Babın ətrafına döşənilən minalar məhv ediləcək. Bu işi xüsusi təlim alan "Hələb 1" briqadası görəcək.
2. Minaların təmizlənməsindən sonra "Sultan Murad", "Fateh Sultan Mehmet" və "Ahrar uş-Şam"dan ibarət olan üç qrup Əl-Baba doğru irəliləyəcək. Bu əməliyyatda ABŞ-ın 30 hərbçidən ibarət xüsusi təyinatlı qrupu iştirak edəcək.
3. Türkiyə Silahlı Qüvvələri birbaşa qarşıdurmada iştirak etməyəcək. Tanklar və zirehli birliklər İŞİD-in hədəflərinə arxa xətdən zərbələr endirəcək. Azad Suriya Ordusu İŞİD-in hədəflərinin məhvindən sonra Əl-Baba doğru irəliləyəcək.

"B Planı"

Türkiyə Əl-Bab şəhəri ilə bağlı "B planı" da hazırlayıb. Azad Suriya Ordusu şəhəri öz qüvvələri ilə azad edə bilməyəcəyi halda, "B planı" işə salınacaq. Türkiyə mediasının yazdığına görə, Suriyadakı əməliyyatlar üçün 41 min hərbçi Türkiyə-Suriya sərhədində hazır vəziyyətdə gözləyir.
Əl-Bab (Suriyada İŞİD-in "ikinci paytaxt"ı da hesab olunur –red.) İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Hələb vilayətinin ən böyük mahalı olan Əl-Bab bölgənin sənaye və ticarət mərkəzi olması ilə də xüsusi əhəmiyyətə sahibdir. İŞİD mahalı 2014-cü ilin yazında ələ keçirib. Mahal həm rejim, həm PYD, həm də Suriya müxalifəti üçün həyati əhəmiyyətə malikdir.