Moskvada məsciddə azərbaycanlılara hücum olub Dünya

Moskvada məsciddə azərbaycanlılara hücum olub

Oktyabrın 4-də Moskvanın Sülh prospektində yerləşən "Cümə" məsciddə azərbaycanlılara qarşı təxribat baş verdiyi bildirilir.
Şahidlərin verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidə toplaşan azərbaycanlılar bir qrup radikalın təxribatına məruz qalıb.
Xəbərdə qeyd edilir ki, azərbaycanlılar namaz qılarkən vəhhabi təriqətinə məxsus olduğu güman edilən beş nəfər məscidə daxil olaraq "Allahu əkbər!" deyə qışqırıb. Bu zaman azərbaycanlılarla onlar arasında mübahisə yaranıb. Hadisəyə dərhal məscidin ətrafında keşik çəkən polis müdaxilə edib. Həmin şəxslər məscidin arxa qapısından çıxarılaraq, hadisə yerindən uzaqlaşdırılıb.
Xəbərdə o da qeyd edilir ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev insident nəticəsində azərbaycanlılardan xəsarət alan olmadığını bildirib: "Azərbaycanlılar uzun illərdir ki, Sülh prospektindəki "Cümə" məscidinə toplaşırlar. Məscid təmir olunandan sonra azərbaycanlıların ora qrup halında buraxılışı heç bir səbəb göstərilmədən Rusiya Müftilər Şurası tərəfindən qadağan olunub. Faktiki olaraq, artıq bir ildən çoxdur ki, azərbaycanlılar "Cümə" məscidinə buraxılmırlar. Bu gün baş verən hadisə də məhz bununla bağlı idi. Məhərrəmlik ayının başlanması ilə əlaqədar azərbaycanlılar məscidə toplaşmışdı. Onların məsciddən uzaqlaşdırılması üçün bu təxribata yol atdılar. Nəticədə azərbaycanlıları məsciddən çıxardılar".
Diaspor nümayəndəsi insident zamanı Moskvadakı "Əhli-Beyt" cəmiyyətinin sədri Nizami Baloğlanovun saxlanılması məsələsinə də aydınlıq gətirilib. Onun deməsinə görə, N.Baloğlanovu polislər dindirməkdən ötrü məsciddəki otağa aparıblar: "Bu zaman azərbaycanlılar məscidin həyətində toplaşıblar. N.Baloğlanov polislərlə söhbət etdikdən sonra məscidin həyətinə toplaşan həmyerlilərimizə dağılmağı məsləhət görüb və bundan sonra azərbaycanlılar məscidi tərk ediblər".
Ş.Tağıyev hazırda məsciddə sakitliyin hökm sürdüyünü qeyd edib.