ABŞ-ın yeni prezidentinin Putindən çəkəcəkləri Dünya

ABŞ-ın yeni prezidentinin Putindən çəkəcəkləri

ABŞ-ın yeni prezidenti rusiyalı həmkarı Vladimir Putinin yaratdığı çətinliklərlə üzləşəcək dördüncü prezident olacaq. "Reuters" agentliyi yeni prezidentin qarşısında dayanan sınaqları sadalayır. Suriyayla, ondan əvvəl Ukraynayla bağlı gərginlik, sanksiyalara cavab olaraq Rusiyanın bir neçə razılaşmadan imtinası, digər tərəfdən, Birləşmiş Ştatların seçki sənədlərinə haker hücumları…
Müəlliflər Arshad Mohammed və Jonathan Landay yazır ki, keçən 4 il ərzində Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım vilayətinin ilhaqına, Ukraynada qeyri-sabitliyə nail olub, Birləşmiş Ştatların Suriya lideri Bəşər Əsədi aradan götürmək ümidlərini boşa çıxarıb. İndi də ABŞ rəsmiləri Rusiya kəşfiyyat orqanlarının kiber-hücumlarından qorunmağa çalışdıqlarını deyirlər. Bəzi ABŞ rəsmiləri hesab edirlər ki, problemlərə səbəb Ağ Evin Putinin kininin səbəbini anlamamasıdır. Onların fikrincə, Rusiya lideri Qərbin Rusiyanın zəifləməsindən sui-istifadə etdiyini düşünür və Putin də, başqa Rusiya rəsmiləri də Rusiyanın 90-cı illərdə itirdiyi mövqeyini bərpa etməyə çalışırlar.
Bəzi siyasətçilər düşünür ki, Birləşmiş Ştatların Rusiyaya təsiri çox zəifdir, ABŞ Rusiyadakı demokratik proseslərə, Rusiyanın Suriya, Ukrayna, ya da hər hansı başqa yerdə məqsədlərinə çatmaqdan ötrü gücdən istifadə meylinə təsir edə bilmir. Məhz bunun nəticəsidir ki, Suriya dağılır, Ukraynada balans pozulub, ölkə Avropaya yaxınlaşa bilmir, hətta Soyuq müharibə dövründə əməkdaşlığın dayağı olan sahələrdə – silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı anlaşmalar pozula bilər.
"Putin, eləcə də digər Rusiya liderləri üçün bu, kim-kimə dünyasıdır". Bunu "Carnegie" Beynəlxalq Sülh Fondundan Andrey Veiss "Reuters"ə müsahibəsində deyib. Onun fikrincə, Rusiya lideri 2018-ci il prezident seçkisindən əvvəl də siyasi kursunu dəyişəsi deyil, çünki "Putinin daxili siyasi taleyi də bu xarici düşmənin – Birləşmiş Ştatlar adlı düşmənin varlığından asılıdır".
Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi müəlliflərlə söhbətində deyib ki, İraq və Əfqanıstanda müharibələrdən gözü qorxmuş Ağ Ev gücə əl atmayınca, Putin istədiyinə nail olmaqdan ötrü gücdən istifadə edəcək. Axı Putinin prezidentliyə namizədliyini böyük ehtimalla irəli sürəcəyi gözlənir. "O, ciddi müqavimətlə rastlaşmayınca, irəli gedəcək və o, hələ ki, belə müqaviməti görmür", - həmin rəsmi söyləyir. ABŞ yetkililəri hesab edirlər ki, Suriyadakı vəziyyət buna ən yaxşı nümunədir.
Hazırda ABŞ rəsmiləri Suriyayla bağlı növbəti addımı müzakirə edirlər. Amma prezidentlik müddəti bitməkdə olan Obama-nın strategiyasını dəyişəcəyini gözləyənlərin sayı çox azdır. İki ABŞ yetkilisinin "Reuters"ə bildirdiyinə görə, Rusiyayla bağlı yeni sanksiyalar müzakirə olunmur. Analitiklərin fikrincə, Suriyanın günlərdir bombalanan Hələb şəhəri süqut edəcək, amma müharibə bununla bitməyəcək. Əsəd dağılmış, parça-parça olmuş və II Dünya Müharibəsindən bu yana ən böyük qaçqın böhranı ilə üzləşmiş ölkənin əlində qalacaq.
Bəzi rəsmilər hesab edirlər ki, tənqidçilər çox az müddəti gözdən keçirir, nəticələri tez görmək istəyirlər. Amma məqsədə nail olmaq, məsələn, Baltikyanı ölkələrin Sovet idarə sistemindən qurtulmasını təmin etməyə illər lazımdır. Soyuq müharibə dövründəkinə bənzər siyasətin gerçəkləşdirilməsi, məsələn, Rusiyanın iqtisadiyyatını zəiflətmək üçün sanksiyalardan istifadə, ya da NATO qüvvələrinin Baltikyanı ölkələrə, Polşaya yerləşdirilməsi kimi tədbirlər təsirini uzun zamandan sonra göstərir. "Ruslarla bağlı təntiməyə ehtiyac yoxdur", - ABŞ rəsmilərindən biri "Reuters"ə müsahibəsində belə deyib.