“Havadan 3-cü dünya müharibəsinin iyi gəlir” Dünya

“Havadan 3-cü dünya müharibəsinin iyi gəlir”

Bəşər Əsəd qaranlıq mətləblərə aydınlıq gətirib

Havadan üçüncü dünya müharibəsinin iyi gəlir. Bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib. "Bu gün biz soyuq müharibə dövründə inkişaf mərhələsinə bənzəyən vəziyyəti müşahidə edirik. Suriya isə bu müharibənin yalnız bir hissəsidir", - deyə Əsəd Suriyada son günlər gərginliyin artması barədə danışarkən bildirib. Əsədin fikrincə, Qərb, xüsusilə də ABŞ SSRİ-nin dağılmasından sonra belə soyuq müharibəni dayandırmayıb: "Hazırda ABŞ-ın əsas məqsədi dünya üzərində Birləşmiş Ştatların hegemoniyasını saxlamaq, Rusiya və hətta Qərbdən olan tərəfdaşlar belə daxil olmaqla, heç kimə siyasi və ya beynəlxalq arenada tərəfdaş olmağa imkan verməməkdir".
Əsəd müsahibəsində Rusiya, İran və "Hizbullah" şiə hərəkatını Suriyanın daimi tərəfdaşları adlandırıb: "Məhz bu qüvvələr Suriyaya qanuni yolla gəliblər. Onlar terrorçulara qarşı döyüşürlər. Lakin digər ölkələr də var ki, onlar məsələyə terrorçuları dəstəkləmək üçün müdaxilə edirlər".
B.Əsəd daha sonra qeyd edib ki, Suriya böhranının həlli üçün danışıqlar kimlə gəldi yox, yalnız real təsir gücünə malik olan, quruda terrorçularla mübarizə apara biləcək siyasi qüvvələrlə aparılmalıdır. "Məsələ kimlə gəldi danışıqların aparılmasında deyil, dialoq real təsir gücünə malik olan, vəziyyəti dəyişə biləcək qüvvələrlə qurulmalıdır. Təsəvvür edək ki, biz Suriyada və ölkə hüdudlarından kənarda olan, vətənpərvər və ya qeyri müxalif qüvvələri toplamışıq. Fərz edək ki, biz onlarla hər şey barədə razılığa gəlmişik. Və "Bu Suriya üçün gözəl gələcəkdir", - deyə bəyanat vermişik. Məsələ ondadır ki, onlardan kim terrorçuların hərəkətlərinə təsir edəcək?
Suriya prezidenti qeyd edib: "Biz bilirik ki, bu terrorçuların əksəriyyəti "Əl Qaidə", İŞİD, "Ən Nüsrə", "Əhrar əş-Şam" kimi qeyri-siyasi təşkilatlarla əlaqəli olan qruplaşmaların üzvüdür. Onları vəhhabi ideologiyasından başqa heç bir ideologiya maraqlandırmır. Bu, o deməkdir ki, siyasi müxalifətlə hər hansı danışıqlar vəziyyəti dəyişməyəcək. Bu, problemin əsas tərəfidir".
Bəşər Əsədin sözlərinə görə, Suriya hökumətinin vəziyyətə təsir edə biləcək üsulları var: "Biz terrorçularla mübarizə aparırıq. Bəs müxalifət nə edə bilər? Məsələ bundadır. Və mənim bu suala cavabım yoxdur. Onlar nəyə qadir olduqlarını və nə edə biləcəklərini özləri deməlidir".
Əsəd Türkiyədən də danışıb. Bildirib ki, Türklər İŞİD və "An-Nusra" terror təşkilatlarını dəstəklədikləri üçün hazırda öz əsl məqsədlərini gizlədirlər.
"İŞİD-i Türkiyə yaradıb, onları dəstəkləyib, Ərdoğanın oğlu və ona yaxın şəxslər vasitəsilə bizim neftimizi öz əraziləri vasitəsilə satılması üçün şərait yaradıblar. Onların hamısının İŞİD-lə bağlılığı var. Bütün dünya bunu bilir. Türklər iddia edirlər ki, bombardmanlar, hərbçilər və yerli qüvvələr hesabına İŞİD-ə qalib gəliblər. Əslində isə onlar ərazilər üzərində nəzarəti İŞİD-in əlindən alıb, öz yetişdirdikləri qüvvələrə ötürür. Bu digər ölkələr üçün sadəcə oyundur.
Ərdoğanın əsas məqsədi "Ən-Nusra"nı dəstəkləməkdir. Ərdoğanı Suriyanın gələcəyində öz rolunu oynamaq istəyir. O, son illər İŞİD-lə əlaqələrinə görə, dünya tərəfindən təcrid olunduğunu hiss edir. Ərdoğanın ideologiyası "Müsəlman qardaşları"nın ekstremist və zorakı ideologiyası ilə birgə yeni Sultan ideologiyasının qarışığıdır. Bu iki ideologiyanı birləşdirməklə o, region üzərində nəzarəti bərpa etmək niyyətindədir. Məhz buna görə, o Suriya daxil olmaqla hər bir ölkədə "Müsəlman qardaşları" hərəkatını dəstəkləyir".