Parisdə polisi güllələmiş silahlı şəxs müəyyənləşdirilib Dünya

Parisdə polisi güllələmiş silahlı şəxs müəyyənləşdirilib

Aprelin 20-də Parisdə polis nəfərini güllələmiş silahlı şəxs maşınındakı sənədlər əsasında müəyyənləşdirilib, lakin Fransa rəsmiləri hələlik onun adını açıqlamırlar. Yerli kütləvi informasiya vasitələri bildirirlər ki, 39 yaşlı bu şəxs şəhərin ətrafında yaşayırdı və potensial islamçı radikal kimi dəyərləndirilirdi. Atəş açan şəxs Yelisey prospektində iki polis əməkdaşını yaraladıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Prezident Fransua Holland təhlükəsizlik kabinetinin iclasını çağırıb. Bazar günü Fransa prezident seçkilərinin ilk turunu keçirməyə hazırlaşır. Holland bildirib ki, o, hücumun "terrorla əlaqəli" olduğuna əmindir. O həmçinin əlavə edib ki, təhlükəsizlik qüvvələri xalqın tam dəstəyinə malikdir və öldürülən polislər üçün matəm tutulacaq. Özünü İslam Dövləti adlandıran qrup hücumun onun "döyüşçüləri" tərəfindən həyata keçirildiyini bildirib.
Bakı vaxtilə təxminən 22:00-da bir avtomobil polis avtobusunun yanında dayanıb və bir şəxs maşından düşərək polisə avtomat silahla atəş açıb, Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet bildirib. Həmin şəxs zabiti öldürdükdən sonra qaçmaq istəyib və bu zaman iki başqa zabiti yaralayıb. Daha sonra o, təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Gördüklərindən dəhşətə gəlmiş şahid sonradan bildirib ki, silah səsi eşidənlər təşvişlə hadisə yerini tərk etməyə çalışıb.
Yelisey Bulvarı tam təxliyə olunub. Dünya şöhrətli və böyük sayda ziyarətçiləri olan bu prospekt uzun müddətdir ki, potensial hədəflərdən biri idi. Gecə Parisin şərqindəki Chelles əyalətində axtarış aparılıb, polis kiminsə silahlının hücum planları barədə məlumatlı olub-olmadığını öyrənmək istəyib.