Tramp niyə Ərdoğanı təbrik edən yeganə Qərb lideridir? Dünya

Tramp niyə Ərdoğanı təbrik edən yeganə Qərb lideridir?

"The Independent" yazır ki, Donald Tramp mayın 16-17-də Ağ Evdə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla ilk görüşünü keçirəcək. Məqalədə deyilir ki, Tramp Ərdoğanı, onun səlahiyyətlərini genişləndirəcək referendumdakı qələbəsi münasibətilə təbrik edən yeganə Qərb lideridir. Təbrik etmək üçün cənab Ərdoğana şəxsən zəng etmiş digər ölkə başçıları Qətər, Cibuti və Fəlsətinin Həməs silahlı hərəkatının liderləri olublar. "The New York Times" qəzeti yazır ki, bu referendumda Ərdoğanın cüzi fərqlə qələbəsi onun ölkə üzərində "avtoritar hakimiyyətini möhkəmləndirmiş olacaq".
Referendumda yer almış ciddi pozuntular artıq ATƏT və Avropa Şurası kimi təsisatlar tərəfindən ciddi tənqid olunub. Bu təşkilatların ilkin hesabatlarında deyilir ki, səsvermə zamanı "xalis demokratik proses üçün zəruri olan təməl azadlıqlar pozulub". Bəziləri bu qənaətdədirlər ki, Trampın Ərdoğana şəxsən zəng etməsinin əsas səbəbi onun Tramp Təşkilatı kimi tanınan ailə biznesidir.
Tramp ailəsi 2012-ci ildə İstanbulda göydələn tikib. Həmin vaxt Trampın qızı İvanka, İstanbuldakı açılışa şəxsən gəldiyinə görə Ərdoğana Tvitterdə təşəkkürünü bildirmişdi. İki liderin görüşü 28 üzvü olan NATO hərbi alyansının may ayında keçiriləcək sammitindən bir qədər əvvələ planlaşdırılıb. Onların hər ikisinin Brüsseldə keçiriləcək sammitdə iştirak edəcəyi gözlənilir. 2016-cı ildə seçki kampaniyası zamanı NATO-nu "köhnəlmiş təşkilat" adlandıran Tramp, 2017-ci ilin aprelində alyansın baş katibi Cens Stoltenberglə görüşündən sonra təşkilatın "daha köhnə olmadığını" bildirmişdi.