İranla AEBA arasında daha bir anlaşma Dünya

İranla AEBA arasında daha bir anlaşma

Həsən Ruhani ölkədə hərbi və raket manevrinin keçirilməsinə mane olub
İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları başa çatıb. Tehran şəhərində keçirilmiş müzakirələrdə əməkdaşlığın davam etdirilməsi mövzusunda razılıq əldə olunub.
İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, ikigünlük danışıqlar 7 maddəlik anlaşmanın əldə olunması ilə başa çatıb: "İranla AEBA həmin praktik addımları həyata keçirmək üçün may ayının ortalarınadək əməkdaşlıq edəcəklər. Bu razılaşma ötən il noyabrın 11-də tərəflər arasında Tehranda əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində təmin edilib. Ümumiyyətlə, ikigünlük müzakirələri konstruktiv adlandırmaq olar. Yaxın günlərdə 7 maddəlik anlaşmanın detalları açıqlanacaq".
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib ki, tərəflər arasında danışıqlar konstruktiv və müsbət keçib: "Biz AEBA-nın İranın nüvə fəaliyyətlərinə nəzarət və müzakirələrlə bağlı nəşr edəcəyi hesabatın müsbət olmasını gözləyirik. İran öz öhdəliklərini yerinə yetirib və bu səbəbdən təqdir olunub".
Onun sözlərinə görə, İranla AEBA arasında əldə olunmuş yeni razılaşmanın detalları yaxın günlərdə açıqlanacaq və həmin sənəddə Parçin hərbi sənaye kompleksinə baxış keçirilməsi ilə bağlı heç bir müddəa yoxdur.
Qeyd edək ki, bundan əvvəl AEBA müfəttişləri ötən il noyabrın 11-də Tehranda əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində Ərak ağır su nüvə reaktoruna və Geçin uran mədəninə baxış keçiriblər.
ABŞ dövlət katibi Con Kerri isə bildirib isə Vaşinqton indiki vəziyyətdə İranla yalnız nüvə məsələsini müzakirə edəcək. Onun sözlərinə görə, İranın nüvə problemi həll olunmadan bu ölkənin rəhbərliyi ilə nə Suriya böhranı, nə də digər təhlükəsizlik məsələləri ilə bağlı müzakirə aparılmayacaq: "ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Şimali Afrikanın təhlükəsizliyi məsələsinə önəm verir. Ancaq İranın nüvə məsələsi həll edilmədən bu mövzu ilə bağlı rəsmi Tehranla hansısa müzakirələr aparmaq istəmirik".
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün fevralın 17-də Vyana şəhərində növbəti müzakirələr başlayacaq.
İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib ki, Cenevrə razılaşması nüvə müzakirələrinin ən uzağı bir il davam etməsinə imkan verir: "Ancaq qarşı tərəf yaxşı niyyət və iradə göstərdiyi təqdirdə, nüvə problemi bir neçə ay müddətində həll edilə biləcək".
A.Əraqçı İranın AEBA və ya "altılıq" ölkələri ilə apardığı nüvə danışıqlarının məqsədlərinin ayrı olduğunu, ancaq hər iki müzakirənin müsbət və ya mənfi təsirləri olacağını da deyib.
Nazir müavini ABŞ rəsmilərinin bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı ilə bağlı mövqeyini də qiymətləndirib: "Cenevrə razılaşması ABŞ-la əlaqələrin normallaşması üçün əldə olunmayıb. Bu nüvə razılaşması İranla Qərb arasında dostluq anlaşması da deyil. İranın ABŞ-la bağlı mövqeyi dəyişməyib. Rəsmi Tehranın Fələstin, Suriya, Yaxın Şərq, insan haqları, təcavüzkarlıq və onlarla mövzuda bu ölkə ilə problemləri var. İranın gözündə ABŞ hələ də "böyük şeytan"dır. İran müstəmləkəçiliyi qəbul etmir və ABŞ imperializminə qarşı siyasətini davam etdirəcək. Bu gün ABŞ prezidenti, dövlət katibi, dövlət katibinin müavini və maliyyə nazirinin İrana yönəlik düşməncə açıqlamaları onların gücsüzlüyündən qaynaqlanır. Çünki ABŞ Konqresinə və ölkə ictimaiyyətinə cavab vermək durumundadırlar".
A.Əraqçı deyib ki, İran ABŞ-ın təzyiq etməsinə icazə verməyəcək və bu ölkənin yeni sanksiyaları cavabsız buraxılmayacaq.
İran parlamentinin 24 deputatı isə ölkə prezidentinə yazılı xəbərdarlıq verərək onu sərt tənqid edib. "Radiofərda" xəbər verir ki, buna səbəb Həsən Ruhaninin ölkədə hərbi və raket manevrinin keçirilməsinə dəstək verməməsidir.
Məktub fevralın 9-da İran parlamentində oxunulub. Sənəddə son on ildə ilk dəfədir İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin Silahlı Qüvvələrin illik böyük raket manevri keçirilməsinə mane olmasından və bunun üçün lazımi vəsaitin ayrılmasına göstəriş verilməməsindən təəssüf hissi qeyd edilir.
Məktubda həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bağlı tənqidi fikirlər də öz əksini tapıb. Belə ki, deputatların ona İranın müdafiə sənayesinin irəliləməsinə dəstək olmaması və ölkənin raket gücünün inkişaf etdirilməsi üçün başqa ölkələrin mütəxəssislərdən ibarət nümayəndə heyətlərinin səfərlərinin qarşısını alması ilə bağlı sualları yer alıb: "Nə üçün İran XİN rəhbəri ABŞ-ın BMT-dəki səfirinin xahişi ilə ölkənin raket gücünün inkişaf etdirilməsi üçün başqa ölkələrin mütəxəssislərdən ibarət nümayəndə heyətlərinin səfərlərinin qarşısını almalıdır?"
Qeyd edək ki, sənəddə M.C.Zərifin hansı ölkənin nümayəndə heyətinin səfərinin qarşısını aldığı öz əksini tapmayıb. Ancaq bir müddət əvvəl ABŞ-ın BMT-dəki səfirinin istəyi ilə Şimali Koreya nümayəndə heyətinin İrana səfərinə icazə verilmədiyi ilə bağlı məlumat yayılıb. İranın BMT-dəki daimi nümayəndəliyi isə xəbəri təkzib edib.
Bu arada bəlli olub ki, İranla "altılıq" ölkələri arasında ticarət dövriyyəsinin həcmində 11% artım qeydə alınıb. Bu barədə İran Gömrük Təşkilatının açıqlamasında bildirilib. Məlumata görə bu ilin yanvar ayında İranla "altılıq" ölkələri arasındakı ticarət dövriyyəsi 2,26 mlrd. dollara çatıb. Halbuki 2013-cü ilin dekabr ayında müvafiq göstərici 829,4 mln. dollar olub.
"Altılıq" ölkələri arasında İran ən çox Çinlə ticarət edir.