Qətər İrandan niyə qopa bilmir? Dünya

Qətər İrandan niyə qopa bilmir?

Dünyanın iki "qaz anbarı"nı bir-birinə bağlayan səbəb

Qətər acınacaqlı və çıxılmaz durumdadır. Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Yəmən və Maldiv Qətərlə münasibətləri dayandırıb. Bu dövlətlər belə addım atmalarına səbəb kimi Qətərin terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə verdiyi dəstəyi göstəriblər. Son məlumatlara görə, Mavrikiy də Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.
"The Financial Times" qəzeti yazır ki, Qətər terrorçulara bir milyard dollar verib.
"The Financial Times" qəzeti sövdələşmədə iştirak edən mənbələrə istinadən yazıb.
Məlumata görə, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olaraq girov götürülən əmirin 26 ailə üzvü, Suriyada isə terrorçuların girovluğunda olan 50 hərbçiyə görə bir milyard dollara yaxın pul ödəməli olub.
İddiaya əsasən, girovların sərbəst buraxılması üçün adıçəkilən məbləğ bu ilin aprelində "Əl-Qaidə"nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb.
Bu arada İran Qətərə dəstək olduğunu bəyanlayıb.
Rəsmi Tehran kənd təsərrüfatı malları ilə yanaşı, Qətərə sənaye məhsulları da ixrac edə bilər. Bu sözləri İranın sənaye məhsulları ixracatçıları təşkilatının rəhbəri Rza Nurani deyib.
O bildirib ki, İranın ərzaq istehsalı potensialı kifayət qədər yüksəkdir və Qətərə köməklik göstərə bilər.

Yerli mətbuatın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 5-də Türkiyə, İraq, Tunis, İndoneziya və Əmmandan olan həmkarları ilə telefon söhbətləri aparıb. Bu söhbətlər zamanı bölgədəki vəziyyət və Qətərə köməklik məsələləri müzakirə edilib.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir iyunun 5-də kiçik bir əmirlik olan qazla zəngin Qətərlə onun İranla dost əlaqələrinə görə diplomatik münasibətlərini pozublar.
Bəs Qətər İranla yaxşı münasibətlərdə olmağa niyə bu qədər can atır?
Azadlıq Radiosunun müxbiri Mardo Soqhom yazır ki, ən böyük səbəb iqtisadidir. Qətər və İran Fars körfəzində dünyanın ən iri qaz yatağının üstündə oturublar. Qətərin Şimal mədəni adlandırdığı yataq əmirliyin hasil etdiyi qazın hamısını verir. Ölkə gəlirlərinin 60 faizini bu yataqdan gəlir.
İran 1979-cu il inqilabından sonra xarici incvestisiya və texniki dəstəkdən bir müddət məhrum olsa da, Qətər xarici şirkətlərlə bahalı kontraktlar imzalayıb. Bu kiçicik öklədə nəhəng qaz zavodları tikilib və Qətər dünyanın ən böyükl qaz ixracatçılarından birinə çevrilib.
Beləliklə, İran və Qətər müvafiq olaraq Rusiyadan sonra dünyanın ən böyük ikinci və üçüncü qaz yataqlarına malikdir. 1969-cu ildə İran şahı ilə Qətər əmiri arasında Fars körfəzinin demarkasiyası barədə saziş imzalanıb.
Suyun dibində yerləşən 9700 kvadrat kilometrlik sahə yatağın yerləşdiyi ərazidir. Bunun 3700 kvadrat kilometri (Cənubi Pars) İranın, 6000 kvadrat kilometri (North Dome) Qətərin ərazi sularına düşür.
İki onillik ərzində İran Qətəri imitasiya edərək bu yataqlarda müəyyən iş görmək istəyib. Çin əvvəlcə bu yatağı inkişaf etdirəcəyinə vəd versə də, sonradan heç bir əməli iş görməyib və İran 2012-ci ildə niyyət razılaşmasını ləğv edib.
2014-cü ildə Qətər İrana Cənubi Pars yatağının inkişaf etdirilməsində dəstək vəd edib. Qətər nigaran idi ki, dünya gücləri ilə nüvə danışıqları aparan İran özünün qaz istehsalını artırmaq üçün macal tapa bilər.
Əgər bu, tələm-tələs bir şəkildə edilsəydi, bütün yatağın gələcəyi risk qarşısında qala bilərdi. Buna görə də Qətərə, böyük qonşusuna bu yatağı lazımi qaydalarla inkişaf etdirməkdə kömək etmək əl verirdi.
O vaxt "Qatar Petroleum" şirkətində olan bir mənbə "Reuters"ə demişdi ki, İran nüvə sazişini imzalayanadan sonra "biz onlara məsləhət və texnologiyalar verə bilərik".
2013-cü ildə İranda Həsən Ruhani prezident seçiləndə iki ölkə arasında qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa dair sazişlər imzalandı. Ruhaninin neft naziri Məhəmməd Cavad Zəncani o vaxt demişdi ki, İran və Qətər hasilatın artırılması naminə əməkdaşlığa meyllidir.
Çox güman ki, əməkdaşlıq təşəbbüsü İran tərəfindən gəlmişdi. Belə ki, Ruhani öz ölkəsini boğucu sanskiyalardan qurtarmaq və qazıntı yanacağının hasilatını artırmaq istəyirdi.
2013-cü ilin dekabrında Qətərin enerji naziri "Reuters"ə bildirmişdi ki, iki ölkə arasında təmas kanalları açılıb və birgə iş üçün komandalar yaradılıb.
Əlbəttə, Qətərin bu işdə İrana nə qədər praktik fayda verə biləcəyi sual altında qalır. Qətərin özünün qaz texnologiyalarının çoxu iri neft şirkətlərinin mülkiyyətindədir.
Şübhə yoxdur ki, Qətər İran və Körfəzin ərəb ölkələri arasında uzun müddət balanslı siyasət yürütməyə çalışırdı.
2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma və talana məruz qalanda Riyad İranla diplomatik əlaqələrini kəsmişdi. Başqa Körfəz ölkələri də Səudiyyə ilə həmrəylik naminə eyni addımı atmışdılar. Qətər İranla diplomatik əlaqələrini kəsən sonuncu ərəb ölkəsi olmuşdu.
Amma indi belə görünür ki, Qətərin Səudiyyə ilə münasibətləri soyumaqda davam edib, Tehranla isə əksinə – münasibətlər yaxşılığında qalıb.
Bu isə öz növbəsində İranın Yaxın Şərqdə, xüsusilə də Yəməndəki fəaliyyətinə qəzəbli olan Səudiyyənin səbir kasasını daşırıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu gərginləşən Səudiyyə Ərəbistanı – Qətər münasibətlərinə şərh verib.
Politoloq bu məsələdə əsas iki aktual suala toxunub: "Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin... Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfləridirlər və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərignləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə "İslam, ərəb, Amerika" sammiti keçirdi? Ər-Riyat həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı.
Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi".
Elxan Şahinoğlu "İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə, Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacaqmı?" sualına belə şərh verib: "Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdiridi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu, Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən 1) Əl-Qaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək; 2)İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq".