Putinin şəxsi bankiri Trampın kürəkənini necə qarmağa keçirib? Dünya

Putinin şəxsi bankiri Trampın kürəkənini necə qarmağa keçirib?

Donald Trampın kürəkəni Cared Kuşner dekabrın ortalarında "Vneşekonombank"ın (VEB) sədri Sergey Qorkovla görüşüb. O, bu görüşü gizli saxlayıb, lakin "New York Times" martda onun keçirildiyi faktı haqda bizə məlumat verib. KİV-lərdə ehtimallar meydana çıxıb ki, Kuşner Qorkovla yatırım əldə etmək və ya yenidən planlaşdırma və Manhetten ərazisində Beşinci avenyü rayonunda yeni tikinti üçün borc almaqdan ötrü görüşüb. VEB-i bu cür kontekstdə, adətən, dövlət bankı kimi təqdim edirlər. Lakin düzünü desək, o, Rusiya prezidenti Vladimir Putinin özəl təyinatlı şəxsi fondu kimi işləyir.
Strateq The American Interestə (ABŞ) istinadən yazır ki, VEB əcaib icaddır. Onun vebsaytında deyilir: "VEB kommersiya bankı deyil… VEB kommersiya kredit qurumları ilə rəqabət aparmır, yalnız özəl yatırımçılardan maliyyələşmə ala bilməyən layihələrə qatılır. O, əvvəllər sovet xarici ticarət bankı idi, lakin 2007-ci ildə federal qanun əsasında "dövlət korporasiyası"na çevirəndə durum dəyişilib. Onun fəaliyyəti olduqca spesifik, bankın rəsmi statusunun qeyd olunduğu qanunla tənzimlənir: "Внешeкономбанк" dövlətin yatırım siyasətinin əsas alətlərindən biridir".
Onun beynəlxalq kredit reytinqi Rusiya dövlətininki kimidir, çünki dövlət zəmanətləri ilə tam sığortalanıb. Bank gəlir vergisindən azad olunub. Lakin bu, qanun üzrə qeyri-dövlət təşkilatıdır, ona isə Putinin özü nəzarət edir.
VEB Rusiya xarici kəşfiyyatı ilə sıx bağlıdır, bankın başında isə qurumun yüksək çinli əməkdaşı, Putinin bu posta 2016-cı ilin fevralında təyin etdiyi Sergey Qorkov durur. Bu adamın rəsmi tərcümeyi-halında xəbər verilir ki, "1994-cü ildə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib".
Onun sələfi Vladimir Dmitriyev Stokholmda diplomat işləyib, amma İsveç hökuməti 1993-cü ildə casusluğa görə onu ölkədən çıxarıb. VEB-in kəşfiyyata bağlılığına yeni nümunə 2015-ci ildə ABŞ-da casusluğa görə həbs edilərək 30 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş əməkdaşı Yevgeni Buryakovla bağlı əhvalat olub. Onu sonradan Trampın seçkiqabağı qəragahında xarici işlər üzrə müşavir olmuş Karter Peyci ələ almaq cəhdində ittiham ediblər.
VEB tamamilə qeyri-şəffaf təşkilatdır. Onun əcnəbi səhmdarları yoxdur, səhmdarlar toplantısı keçirilmir, illik açıq hesabat yoxdur və zahiri audit keçirilmir. Onun VEB sədri daxil olmaqla doqquz nəfərlik müşahidə şurası var və hamısını Putin təyin edir. Qanuna görə, müşahidə şurasının sədri baş nazir olur və Putin 2008-2012-ci illərdə bu vəzifəni tutarkən şuraya rəhbərlik edib. Daha altı üzv nazirlər, sonuncu isə Putinin iqtisadi məsələlər üzrə müşaviridir. VEB praktikada göstərişi birbaşa Putindən alır. Qorkovu Putinə yaxın adam saymırlar – onun yalnız üzüyola xidmətçisidir.
VEB beynəlxalq istiqrazların həyata keçirilməsi üçün maliyyə hesabatı dərc edir. Onun 2017-ci ilin yanvarında 60,1 milyard dollar təşkil etmiş sanballı aktivləri var. O vaxt onun kredit portfeli 33,2 milyard dollara bərabər idi. Bankın fəaliyyətinin baş istiqaməti böyük yatırım layihələrinə kredit buraxmaqdır və bu halda dövlətin agenti kimi çıxış edir.
Bank həmçinin ixracat kreditləri də verir və böyük müəssisələrə dövlət dəstəyi göstərir. Onun fəaliyyətinin önəmsiz qismi kiçik və orta müəssisələrin kreditləşdirilməsidir. Onun ixracat kreditləri, adətən, Rusiyanın aparıcı dövlət şirkətlərinin böyük layihələri ilə bağlı olur. "Rosatom"un Macarıstanda atom-elektrik stansiyası tikməsi bunların içindədir. Şirkət buna görə VEB-dən 11 milyard dollar həcmində kredit alıb.
VEB ötən 11 il ərzində üç böyük dövlət əməliyyatı keçirib. Bu, 2008-2009-cu illərdə Rusiyanın aparıcı şirkətlərinin xilası kampaniyası, 2010-cu ildə Ukraynaya layihə yatırımları, Soçidə qış Olimpiadası üçün obyekt inşasının maliyyələşməsi. Bu layihələrin hamısında Putinin barmaq izləri var. 2008-2009-cu illərin 50 milyard dollar məbləğində antiböhran tədbirləri proqramını Rusiya dövləti maliyyələşdirib, amma buna VEB başçılıq edib. Dövlət banka həmçinin Milli Rifah Fondundan 12,5 milyard dollar kapitallaşmaya qədərki maliyyə dəstəyi ayırıb. Mərkəzi Bank Rusiya şirkət və banklarının xarici borclarının yenidən maliyyələşdirilməsinə VEB üçün 50 milyard dollar qızıl ehtiyatı ayırıb. O, dövlət şirkətlərinə, həmçinin böyük, özəl strateji şirkətlərə maliyyə dəstəyi verib.
Viktor Yanukoviç 2010-cu ilin birinci yarısında Ukrayna prezidenti seçiləndə VEB bu ölkədə Rusiyanın gizli yatırım kampaniyasına başçılıq edib. O, böyük "Проминвестбанк" özəl kommersiya bankını alıb və iki böyük metallurgiya şirkətinin – "Donbas sənaye birliyi" və "Zaporojpolad"ın səhmlərinin yarısını almağa vəsait ayırıb. Rusiya səhmlərinin əsas zərfinin sahibi kimdirsə, məlum deyil və bununla bağlı təxminlər meydana çıxıb ki, bu, Putindir.
Lakin Ukraynanın aparıcı biznesmeni Rinat Əhmədov Ukraynada Rusiya ekspansiyasını önləyərək Ukrayna məhkəmələrində işi udub. Əldə olan məlumata əsasən, bu, Putində hiddət doğurub. VEB-in Ukraynada niyyətləri nə olur-olsun, onlar uğursuzluğa düçar oldular, çünki bank bu ölkədə 10 milyard dollara qədər itirib. Bu, yetərincə qəribədir, lakin Putin Soçi Olimpiadasını dövlət büdcəsindən deyil, VEB vəsaitləri ilə maliyyələşdirib və bu məqsədə daha 50 milyard dollar sərf edib. VEB yenidən Milli Rihaf Fondundan pul alıb, lakin nəzərdə tutulan iş üçün bu dəfə aşkarca az olan doqquz milyard dollar.
Əslində, Putin Olimpiadanı VEB vəsaitləri hesabına maliyyələşdirib və bankı, az qala, müflisləşməyə aparıb. VEB 2014-cü ildə 4,5 milyard dollar həcmində xalis itkidən xəbər verib. 2015-ci ildə 20 milyard dollar həcmində kapital süzdürmək haqda məsələ müzakirə olunub, lakin vaxt keçdikcə bu rəqəm kiçilib. Yekunda dövlət banka 2,2 milyard dollar maliyyə yardımı edib.
Amerika hökuməti 2014-cü il iyunun 16-da VEB-ə qarşı sanksiyalar tətbiq edərək bankı beynəlxalq kreditləşmə bazarlarına çıxışdan məhrum edib və bununla da maliyyə məhdudiyyətlərini sərtləşdirib. Bu, tamamilə aşkar hədəf idi, çünki bank Rusiya xalqı üçün az şey edib və eyni zamanda Putin üçün geniş dövlət maliyyələşdirməsi qaynağı idi və o, bundan öz rəyi ilə istifadə edə bilir.
"New York Times" mart məqaləsində qeyd edib ki, Qorkov "açıqlama verərək bildirib ki, Kuşnerlə "Kushner Companies" şirkətinin rəhbəri kimi görüşüb". Kuşner bu görüşün önəmini azaltmağa səy edib, Ağ Ev isə bildirib ki, o, bu görüşdə keçid komandasının üzvü kimi iştirak edib.
Burada xatırlamaq önəmlidir ki, Trampın Torontodakı otelini VEB-in "Trump Organization"in Kanada-Ukrayna tərəfdaşına verdiyi 850 milyon dolların hesabına xilas etmək mümkün olub. Müflisləşməyə meylli "Trump Organization"a kredit verən yeganə təşkilat onu, təxminən, 400 milyon dollarlıq kreditləşdirmiş "Deutsche Bank"dır. Almaniyanın "Die Welt" və "Die Zeit" nəşrləri bu gün bu vəsaitlərin Rusiyadan daxil olub-olmadığını aydınlaşdırmağa cəhd edir. Axı VEB-in nizamnaməsinə əsasən, "bank yalnız o layihələrə qatılır ki, özəl yatırımçıların maliyyələməsini əldə edə bilmir".
Cared Kuşner nüfuzlu vəkilər tutaraq sürəkli məhkəməyə hazırlaşdığından özəl prokuror Robert Müllerin araşdırmalarını xatırlamağı lazım gəlir ki, VEB nədir. Söhbət hansısa borcdan gedibsə, onda bu, Rusiya bankı ilə deyil, "Putinin bankiri" ilə danışıqlar olub.