“NATO və Rusiya arasında dolayısı yolla müharibə getməkdədir” Dünya

“NATO və Rusiya arasında dolayısı yolla müharibə getməkdədir”

“Rusiya və Avropa İttifaqı arasında müharibə mümkündürmü? sualına birmənalı cavab vermək ona görə olmaz ki, birbaşa olaraq hərbi əməliyyatlar, bu, başqa mövzu, faktiki olaraq onlar arasında dolayısı yolla müharibə isə digər mövzudur. Bu kontekstdə biz bu gün açıq şəkildə görürük ki, NATO və Rusiya arasında dolayısı yolla müharibə getməkdədir. Elə bu günlərdə baş verənlər Ukrayna ordusunun ciddi şəkildə silahlarla təchiz edilməsi, maliyyə yardımı da onu göstərir ki, NATO və Rusiya arasında 2022-ci ildən başlayaraq dolayısı ilə müxtəlif kəşfiyyat xarakterli, hərbi-texniki xarakterli bir qarşıdurma ən yüksək istiqamətdə davam edir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.

Onun sözlərinə görə, söhbət birbaşa müharibədən gedirsə mən bu müharibə ehtimalını ciddi saymıram, əksinə, Rusiya-Ukrayna arasındakı müharibənin başa çatmasından sonra gözlənilən odur ki, Avropa ilə Rusiya arasında da münasibətlərdə yeni bir dönəmin əsası qoyulsun: “Hər bir halda bugünkü baş verənlər Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi çağırışdır. Eyni zamanda, Avropa və Rusiya arasındakı münasibətlərdə ciddi çağırışdır. Əgər Rusiya və Ukrayna arasında başlayan müharibəyə qədər Rusiya ciddi şəkildə Avropaya, ələlxüsus, enerji resursları istiqamətində inteqrasiya etmişdisə, bu gün biz bunun tamamilə əksini görürük”.

Z.Məmmədov əlavə edib ki, biz bu məsələlərə tarixi aspektdən baxsaq görmüş olarıq ki, heç zaman Almaniya və Rusiyanın birləşməsində ABŞ və Britaniya maraqlı olmayıb: “Hər zaman Almaniyanın, Fransanın Rusiya ilə yaxınlaşması fonunda onlar arasında problemlər yaradılırdı, elə ötən əsrdə baş verən dünya müharibələri də buna bir nümunədir”.

Röya İsrafilova