

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) “Beynəlxalq Sülh və Təhlükəsizliyə Təhdidlər” adlı sessiyasında onlayn olaraq iştirak edərək İsrailin İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı açıqlamalar verib.
Xalqcəbhəsi.az “sondakika.com”a istinadən bildirir ki, İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının birdən-birə ölkənin nüvə təhlükəsizliyini təhlükəyə atdığını deyən Qrossi bu günə qədər ictimaiyyətə təsir edən heç bir radiasiya sızmasının olmadığını bildirib.
O, AEBA-nın nüvə obyektlərinin vəziyyəti yaxından izlədiyini və mümkün nüvə insidentinə müdaxilə etmək gücünə malik olduğunu vurğulayaraq Buşəhr Atom Elektrik Stansiyasının mümkün hücumun ən ağır nəticələrə səbəb ola biləcəyi obyekt olduğunu bildirib. Stansiyanın aktiv olduğunu və orada minlərlə kiloqram nüvə materialı olduğunu deyən Qrossi region ölkələrinin öz narahatlıqlarını bildirmək üçün son saatlarda birbaşa onunla əlaqə saxladıqlarını qeyd edib. O, "Buşəhr Atom Elektrik Stansiyasına hücum ətraf mühitə yüksək miqdarda radiasiya yayılmasına səbəb ola bilər" deyə xəbərdarlıq edib.
Tehran Nüvə Araşdırmaları Mərkəzinə edilən hücumun da ciddi nəticələrə səbəb ola biləcəyini ifadə edən Qrossi, "Nüvə obyektlərinə əsla hücum edilməməlidir. Belə bir hücum, hədəf alınan ölkənin daxilində və hüdudlarından kənarda ciddi radioaktiv sızmalara səbəb ola bilər" deyib.
AEBA-nın direktoru bildirib ki, AEBA ciddi nəzarət sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər.