

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Boks Federasiyasının gənc idmançıları üçün antidopinq üzrə seminar təşkil edib.
AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, seminarda iştirakçılara dopinqin insan sağlamlığına vurduğu zərərlər, istifadəsi qadağan edilən maddə və üsulların siyahısı, dopinq nəzarətinin mərhələləri, təmiz idmanın hüquqi və etik çərçivəsi, eləcə də narkotik vasitələrin idman və cəmiyyət üçün yaratdığı risklər haqqında ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Bildirilib ki, belə təşəbbüslər yalnız biliklərin artırılmasına xidmət etmir, həm də idmanda sağlam və məsuliyyətli yanaşmanın təşviqi, etik davranış normalarının möhkəmləndirilməsi və gənc idmançıların düzgün seçim etməsinə dəstək olur.