“Saakaşvili ABŞ-dan sığınacaq istəyə bilər” Dünya

“Saakaşvili ABŞ-dan sığınacaq istəyə bilər”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Birləşmiş Ştatlardan sığınacaq istəməyə məcbur qala bilər. Bunu ukraynalı deputat deyib. Odessa vilayətinin keçmiş qubernatoru olan Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Vətəndaşlığının alınması xəbəri yayılan vaxt Saakaşvili Facebook səhifəsində yazıb ki, Birləşmiş Ştatlarda səfərdədir. Ancaq o, həmin ölkədə qalmağa çalışacağını yazmayıb.
Ukrayna parlamentində prezident Petro Poroşenkonun fraksiyasından olan deputat Seriy Lescenko isə Facebook-da yazıb ki, Saakashvili Ukraynaya qayıdarsa, Gürcüstana ekstradisiya oluna bilər. Gürcüstanda prezident postunda olarkən yol verdiyi iddia olunan cinayətlərə görə ona cinayət işi açılıb. Poroşenko 2015-ci ildə Saakaşvilini Odessanın qubernatoru təyin edib. Ancaq o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.
İyulun 26-da Saakaşvilinin tərəfdarları Poroşenkonun addımını Saakashvilinin tənqidlərinə görə "qeyri-konstitusion intiqam" adlandırıblar. Poroşenko bu addımını açıq şəkildə əsaslandırmayıb. Ancaq Lescenko iyulun 26-da axşam deyib ki, məqsəd Saakaşvilini ölkədən kənarda yaşamağa və Birləşmiş Ştatlardan sığınacaq istəməyə məcbur etməkdir. "Saakaşvili fiziki baxımdan Ukraynaya qayıda bilməz. Onu Borispolda saxlayıb Gürcüstana ekstradisiya edərlər", – Lescenko deyib. Deputatın fikrincə, prezidentin məqsədi Saakaşvilini "Amerikadan sığınacaq istəməyə və Ukrayna siyasətini unutmağa məcbur etməkdir".
Vətəndaşlığının alınması Saakaşvilini Ukraynada hər hansı vəzifə tutmaqdan məhrum edir. Onun partiyası ölkədə erkən seçkilərə qatılmaq niyyətində idi. Bunu Ukraynada İnsan Haqları Təşkilatı bildirir. Ukrayna qanunları yalnız ölkə vətəndaşlarına siyasi partiyalara rəhbərlik etmək, yaxud parlamentə seçilmək hüququ verir. Poroşenkonun blokundakı digər deputatlar da prezidentin qərarını tənqid ediblər.
"Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmək kiminsə ağlına gələn ən axmaq şeydir, Ukrayna prezidentinə yaraşmayan zəiflik əlamətidir", – deputat Mustafa Nayyem deyib. "Kimsə Mixaili sevməyə bilər, onunla razılaşmaya bilər, ancaq ümumilikdə Saakashvili vətəndaş barrikadalarında bizim tərəfimizdədir. Sonucda iki prezidentin dartışmasının qalibi istənilən adam ola bilər, ancaq Ukrayna olmayacaq", – deputat söyləyib.
2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alandan sonra Gürcüstan vətəndaşlığından imtina edib. Saakaşvilinin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə ona Gürcüstanda cinayət işi açılıb. Saakaşvili bu ittihamları siyasi motivli adlandırır.