Samanyolu ətrafında yüzlərlə gizli qalaktika aşkarlanıb Dünya

Samanyolu ətrafında yüzlərlə gizli qalaktika aşkarlanıb

Böyük Britaniyanın Durham Universitetindən olan alimlər, superkompüterlər və riyazi modelləşdirmə vasitəsilə Samanyolu qalaktikasının ətrafında 100-ə qədər naməlum, çox zəif işıq saçan peyk qalaktikaların ola biləcəyini müəyyən ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya Kral Astronomiya Cəmiyyəti (RAS) məlumat yayıb.

Hazırda astronomlar Samanyolunun ətrafında dövr edən təxminən 60 peyk qalaktikanı tanıyırlar. Lakin tədqiqatçıların hesablamalarına görə, bu say əslində daha çox olmalıdır. Bu “itmiş” qalaktikalar çox zəif işıqlıdır və demək olar ki, qaranlıq maddədən məhrumdurlar.

Qaranlıq maddə — görünməyən, işıq saçmayan və adi maddə ilə qarşılıqlı təsirə girməyən, lakin cazibə qüvvəsi yaradan maddədir. Alimlərin fikrincə, məhz qaranlıq maddə qalaktikaların ulduzlarını bir arada saxlamasına və dağılmamasına imkan verir.

Qalaktikaların hər birinin “halo” adlı böyük qaranlıq maddə buludu daxilində formalaşdığı güman edilir. Lakin Samanyolunun cazibə qüvvəsi bu halolardan bəzilərini dağıtmış və nəticədə həmin qalaktikalar demək olar görünməz və çox zəif hala düşmüşdür.

Bu obyektlərin mövcudluğunu proqnozlaşdırmaq üçün tədqiqat qrupu Samanyolunun indiyədək yaradılmış ən dəqiq kompüter simulyasiyasını və xüsusi qalaktika formalaşma modelini tətbiq edib.

Tədqiqatın həmmüəllifi astrofizik Isabel Santos-Santos qeyd edib:
"Əgər bu qədər zəif işıqlı qalaktikalar həqiqətən aşkarlansa, bu, Kainat haqqındakı anlayışımızın doğru olduğunu sübut edəcək."

Hazırda müasir teleskoplar Samanyolunun daha zəif və kiçik peyk qalaktikalarını aşkar etməyə davam edir. Alimlər ümid edirlər ki, Vera Rubin Rəsədxanasının teleskopu kimi yeni texnologiyalar tezliklə hələlik qaranlıqda gizlənən qalaktikaları da görməyə imkan verəcək.

Məryəm Quliyeva