
“Azərbaycan və Ermənistan arasında sülh danışıqları Azərbaycan tərəfinin təqdim etdiyi 5 baza prinsipi əsasında başlayan birbaşa danışıqlar nəticəsində mümkün olub. Bundan öncə vasitəçilər tərəfindən təklif olunan sülh gündəliyi demək olar ki, tərəflərin həm də regional maraqlarını bu sülh prosesində maksimum dərəcədə nəzərə almağa hesablandığından ciddi irəliləyiş olmamışdı. Amma birbaşa başlanan sülh danışıqları keçən dövr ərzində özünü son dərəcə müsbət, effektiv göstərib. İstər dövlət sərhədində delimitasiya və demarkasiya prosesinin uğurlu aparılması olsun, istər Qazax istiqamətində Azərbaycanın anklav kəndlərinin Azərbaycana qaytarılması olsun, bütün bunlar sülhün kifayət qədər real olmasını göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev söyləyib.
O əlavə edib ki, amma bütün bu proseslərin kuliminasiya nöqtəsi 8 avqust Vaşinqtonda tərəflərin imzaladığı sülh sazişinin paraflanması oldu və bilgə bəyanatla özünün yeni mərhələsinə qədəm qoydu: “Demək olar ki, bu tarixdən artıq tərəflərin sülhlə bağlı istəkləri, iradələri bir növ geriyə dönməz xarakter aldı. Bundan sonra tərəflərin vətəndaş cəmiyyəti arasında birbaşa dialoqlarının başlanması, son dövrə qədər daha çox sərhədyanı bölgədə keçirilən birgə komissiyanın, yəni delimitasiya və demarkasiya proseslərini tənzimləyən baş nazirlərin müavinləri səviyyəsində olan komissiyanın 12-ci iclasının Azərbaycanın Qəbələ şəhərində keçirilməsi və növbəti iclasın da Ermənistanın sərhəddən içəridə yerləşən yaşayış məntəqələrinin birində keçirilməsinin razılaşdırılması onu göstərir ki, tərəflər arasında sülh çox yaxındır və gerçəkdən bu sülh təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmayacaq, eyni zamanda, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına öz töhfəsini verəcək”.
T.Əliyevin bildirdiyinə görə, bu baxımdan Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçiriləcək 3 dekabr görüşü həm də Azərbaycanla Ermənistan arasındakı bu sülhün regional əhəmiyyətini, təsirlərini qiymətləndirmək və gələcəyə bu kontekstdən baxış baxımdan da çox faydalı olacaq: “Azərbaycanla Ermənistan arasındakı sülhün digər regional, hətta deyərdim ki, qlobal əhəmiyyəti ondan ibarət olacaq ki, bu sülh əldə edildikdən sonra Orta Dəhlizin bir qanadı olaraq Zəngəzur Dəhlizinin də işə düşməsi ilə artıq Pekindən Londona uzanan İpək Yolunun orta dəhlizinin bir istiqaməti də qeyd etdiyim kimi bu gün işlək yol daha çox Azərbaycan və Gürcüstan üzərindən keçən yoldur. Alternativ yol kimi də Ermənistan ərazisindən keçəcək Zəngəzur Dəhlizinin də işə düşməsi ilə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının iki ölkədən ötə əhəmiyyəti öz aktuallığını təsbit etmiş olacaq”.
Röya İsrafilova