“”Core 5” ideyasının fərdi dövlət maraqları baxımından davamlılığı sual altındadır” Dünya

“”Core 5” ideyasının fərdi dövlət maraqları baxımından davamlılığı sual altındadır”

“ABŞ-nin G7-yə alternativ kimi “Core 5” adlı yeni format yaratmaq ideyası indi formalaşan qlobal güc balansının real əksidir. Vaşinqton Çinin yüksəlişi, Rusiyanın davam edən qarşıdurma xətti və Hindistanın strateji muxtariyyət kursu fonunda mövcud Qərb platformalarının artıq dünya nizamını təkbaşına idarə edə bilmədiyini anlayır. G7 uzun illər Qərbin iqtisadi-siyasi koordinasiya mərkəzi olub, ancaq bu gün qlobal təsir mərkəzləri həm coğrafiya, həm də dəyər sistemi baxımından xeyli dəyişib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, ABŞ-nin Rusiyanı və Çini eyni masa arxasına gətirmək istəyi əslində yeni rəqabət və münaqişə risklərinin qarşısını almağa yönəlmiş preventiv addım kimi də oxuna bilər: “Çünki dünya sistemində parçalanma dərinləşdikcə Vaşinqton daha geniş formatda koordinasiyaya ehtiyac duyur. Burada Yaponiyanın iqtisadi çəkisi və Hindistanın artan siyasi nüfuzu yeni ittifaqı həm Qərb, həm Asiya, həm də Avrasiya üçün balanslaşdırılmış platformaya çevirə bilər”.

Politoloqun sözlərinə görə, lakin “Core 5” ideyasının fərdi dövlət maraqları baxımından davamlılığı sual altındadır: “ABŞ və Çin arasında sərt texnoloji və hərbi rəqabət, Rusiya ilə Qərb arasındakı dərin strateji uçurum, Hindistanın qeyri-blok xəttini qorumaq israrı belə bir formatın real işlək mexanizmə çevrilməsini çətinləşdirir”.

O eləcə də deyib ki, Yaxın Şərqin gündəliyə ilk məsələ kimi daxil ediləcəyi iddiası isə göstərir ki, Vaşinqton regional böhranların həllində böyük güclərin ortaq məsuliyyət daşımasını istəyir: “Ancaq tərəflərin Yaxın Şərqə dair mövqeləri radikal şəkildə fərqlidir: Çin iqtisadi sabitlik, Rusiya geopolitik təsir, ABŞ isə təhlükəsizlik və İsrail amilini prioritet sayır. Bu mənada “Core 5” daha çox konseptual təşəbbüs təsiri bağışlayır və indiki mərhələdə qlobal nizamı dəyişəcək real ittifaqdan çox, ABŞ-nin yeni çoxqütblü reallığa uyğunlaşmaq üçün atdığı siyasi mesaj xarakteri daşıyır”.

Röya İsrafilova