Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər? Dünya

Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

"Express" yazır ki, böyük maliyyə birjaları dekabrın ortalarından kriptovalyuta olan bitcoin-i alış-veriş bazarına buraxmağa hazırlaşır. Bu o deməkdir ki, virtual pul bundan sonra tamamilə normal alış-veriş predmeti sayıla bilər.
Lakin "Express" yazır ki, bitcoin-in normal pul kimi tanınması Rusiyanın xam neft satışında ABŞ dollarına arxa çevriməsinə imkan verərdi.
ABŞ sanksiyaları Rusiya üçün ona görə ağrılıdır ki, Moskva neft və qaz satışını dollarla həyata keçirir.
Lakin heç bir mərkəzi bank tərəfindən tənzimlənməyən bitcoin Rusiya kimi ölkələrə sanksiyalara baxmayaraq varlanmaq imkanı yarada bilər.
PVM oil broker firmasından neft təhlilçisi Stephen Brennock deyib ki, kriptovalyutalar bir sıra ölkələrin ABŞ valyutasından imtina etməsi ilə nəticələnə bilər.
CNBC şəbəkəsinin əldə etdiyi şərhdə təhlilçi deyib: "Kriptovalyutaların yüksəlişi xammal ixrac edən ölkələrin dollardan ödəniş vasitəsi kimi istifadəsinə son qoyacaq".
Məqalədə deyilir ki, ABŞ-ın "yaşıl pulundan" neft alış-verişində imtina edilməsi istiqamətində hərəkətlərə son həftələrdə başlanıb.
Məsələn, ötən noyabrda yer almış 25 milyard dollarlıq rubl-yuan mübadiləsi neft ticarətində dönüş nöqtəsinə çevrilə bilər.
Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Çin və Rusiya daha çox sövdələşmələrində öz milli valyutalarından istifadəyə tərəfdardır.
ABŞ sanksiyalarından yan keçməyə çalışan İran da valyuta mübadiləsi sazişlərinin imzalanmasına çalışır.
Çin neft tranşlarında ABŞ dolları əvəzinə öz "petroyuan"larından istifadə etməklə ABŞ-ın təsirini minimuma endirməyə çalışır.
Venesuela bəyan edib ki, Donald Trump tərəfindən elan edilmiş maliyyə blokadasını yarmaq üçün özünün yeni kriptovalyutasını "petro"nu tədavülə buraxacaq.
Maliyyə şərhçisi Jim Rogers ötən sentyabrda Rusiyanın RT telekanalına demişdi: "Çox adamlar dollardan istifadə etmək istəmirlər, çünki ABŞ-ı qəzəbləndirsən, elə təzyiq altına düşə bilərsən ki, biznesini itirə bilərsən".
"Çin, Rusiya və başqa ölkələr bunu başa düşürlər və buna görə də dünya ticarətini və dünya maliyyəsini dollardan uzaqlaşdırmağa çalışırlar" -ekspert demişdi.