Pentaqon Ukraynaya "dron dərsləri" üçün mütəxəssis göndərir Dünya

Pentaqon Ukraynaya "dron dərsləri" üçün mütəxəssis göndərir

Pentaqon pilotsuz uçuş aparatlarının (PUA) real döyüş şəraitində tətbiqini öyrənmək üçün öz əməkdaşlarını Ukraynaya göndərib.

Xalqcebhesi.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Senat komitəsindəki dinləmələr zamanı bəyan edib.

Heqset dron texnologiyalarının birbaşa döyüş meydanında öyrənilməsi üçün əlavə əməkdaşların göndərilməsini təsdiqlədiyini bildirib.

"Biz bu münaqişədən mümkün olan bütün dərsləri çıxarmalıyıq və pilotsuz aparatların dominantlıq tələb etdiyi bir dövrdə onları real vaxt rejimində öz müdafiə və hücum sistemlərimizə tətbiq etməliyik", — deyə o qeyd edib.

Senatdakı azlıqların lideri Mitç Makkonnel Ukraynanı "müharibənin Silikon Vadisi" kimi xarakterizə edib və Heqsetin Pentaqon rəsmilərinin təcrübə toplamaq üçün bura səfər etmələrini dəstəkləyib-dəstəkləmədiyini soruşub. Senator Kris Kuns isə vurğulayıb ki, Ukrayna dronların və onlara qarşı müdafiə sistemlərinin hazırlanmasında liderdir. O qeyd edib ki, İranın "Şahid" tipli kütləvi dron təhlükəsi ilə üzləşən ABŞ Ukraynadan çox şey öyrənə bilər.

Heqsetin sözlərinə görə, məhz bu səbəbdən ABŞ büdcəsindən dronların inkişafına böyük vəsait ayrılır. "Ukrayna və digər döyüş meydanlarından çıxarılan dərsləri nəzərə alın və onların bütün silhalı qüvvələrdə mümkün qədər tez tətbiqini təmin edin", — deyə nazir vurğulayıb.

Məryəm Quliyeva