“İranın bütün şərtləri qəbul etməsini demək çətin məsələdir” Dünya

“İranın bütün şərtləri qəbul etməsini demək çətin məsələdir”

“Son günlər çox ciddi bir intensiv diplomatiyanın aparıldığı məlumdur. ABŞ Prezidenti Donald Tramp Çin səfərindən sonra İrana 5 şərt irəli sürüb. Görünür ki, Çinlə hansısa məsələlərdə razılığa gəliblər və bu razılıq var deyə İrana 5 şərt irəli sürülüb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S.Hümbətovun fikirlərinə görə, məlum məsələdir ki, İranın əsas dəstək verən qüvvəsi Çindir: “Trampın Çinə səfərindən sonra bu cür amillərin irəli sürülməsi təbiidir və görünən odur ki, hansısa məsələlərdə razılıqlar var və ya razılığa yaxın bir hal qeydə alına bilər. Ona görə düşünürəm ki, ABŞ-nin irəli sürdüyü bu şərtlər İranı hansısa formada Fars körfəzində yaratdığı vəziyyəti aradan qaldırmağa yönəldiblər. Məsələn, Fars körfəzində bloklanmanın aradan götürülməsi, dənizin minalardan təmizlənməsi, gəmilərin rahat hərəkət etməsi və s. Çünki Avropada ciddi bir dərman qıtlığı yaranmaqdadır və bu, ciddi bir böhrandır”.

Politoloq əlavə edib ki, belə olan halda Avropa da, ABŞ də ciddi bir narazılıq və narahatlığa səbəb ola biləcək etirazlarla qarşılaşa bilər: “Ona görə də düşünürəm ki, İran hökuməti də öz vəziyyətindən xəbərdardır və bilir ki, bu cür halların davam etməsi onun təkcə hərbi deyil, həm də iqtisadi vəziyyətini ağırlaşdırır, daxildə narazı kütləni daha da genişləndirə bilər. Onun üçün də mən düşünürəm ki, İran da razılaşmağa məcbur olacaq. Ancaq İranın bütün şərtləri istisnasız qəbul etməsini demək çətin məsələdir. Bəlkə də müəyyən bir konsensus ola bilər”.

Röya İsrafilova