ABŞ və İran "İslamabad sazişləri"ni imzalamağa yaxındır Dünya

ABŞ və İran "İslamabad sazişləri"ni imzalamağa yaxındır

ABŞ və İran qeyri-rəsmi mənbələrdə "İslamabad sazişi" adlandırılan qarşılıqlı anlaşma memorandumunu imzalamağa yaxındır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sənəd Hörmüz boğazının rüsumsuz tranzit üçün dərhal açılmasını, həmçinin Tehranın bir sıra öhdəlikləri yerinə yetirməsi müqabilində sanksiya rejiminin mərhələli şəkildə yumşaldılmasını nəzərdə tutur.

Materialda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp sazişin yaxın günlərdə imzalanacağını gözləyir. Layihədə atəşkəs rejiminin 60 gün müddətinə uzadılması və İranın nüvə proqramı üzrə paralel danışıqların başladılması nəzərdə tutulur.

Həmçinin bildirilir ki, sənədin bəzi müddəaları zənginləşdirilmiş uran ehtiyatlarına nəzarət, sanksiya siyasəti və neft ixracı ilə bağlıdır. Bununla belə, İranın xaricdəki dondurulmuş aktivlərinin taleyi də daxil olmaqla bir sıra məsələlər hələ də açıq qalır.

"Axios"un məlumatına görə, Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar son günlərdə aktivləşib, lakin iddiaya görə, İsrailin Baş naziri Benyamin Netanyahu müzakirə olunan sazişin detalları ilə tanış edilməyib.

Məryəm Quliyeva