Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub Cəmiyyət

Xüsusi Məktəbin kursantlarının azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğaldan azad edilmiş ərazilərə kursantların ekskursiyası zamanı hərbi hissələrdə qarşılanma mərasimi keçirilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn vətən övladlarının əziz xatirəsinə ucaldılmış abidə kompleksləri ziyarət olunub.

Səfər çərçivəsində kursantlar Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, tarixi və dini-mədəni irs nümunələrinin bərpası prosesi ilə yaxından tanış olmuş, işğal dövründə törədilmiş dağıntılar və onların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat əldə ediblər.

Dövlət Sərhəd Xidmətinin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilmiş, nümunəvi atışların aparılması, şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.

Səfərin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkdirilib.

Cavid