11:42
490
Son günlər müzakirə olunan məsələlər sırasında Rusiyanın Polşaya hücum ehtimalı da yer alır. Qeyd edilir ki, Rusiya Polşanın kritik infrastruktur obyektlərini raket və ya dronlarla hədəfə ala bilər.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Tofiq Abbasov qeyd edib ki, Vaşinqton və NATO rəhbərlərinin Rusiya ilə bağlı belə qorxunc xəbərlər yaymaqları ilk dəfə deyil: “Xüsusilə Rusiya ilə həmsərhəd və ya coğrafi baxımdan ona yaxın olan Baltikyanı ölkələr, Polşa və eləcə də digər ölkələrlə bağlı tez-tez risklər və mümkün təhlükələr barədə xəbərdarlıqlar səsləndirilir. Amma əslində bir neçə dəfə olub ki, Polşaya və digər yaxın ölkələrə guya Rusiya tərəfindən dronlar uçub, təhdid törədib. Hətta onların təxribatların arxasında dağıdıcı planlar gördükləri ilə bağlı iddialar da var. Bir neçə belə hadisədə vurulan dronların qalıqları ekspertiza olunub. Araşdırma zamanı onların daxilində istifadə edilən SİM kartların Rusiya istehsalı olmadığı, əksinə, xarici ölkələrdə, xüsusən İsveçdə istehsal edildiyi müəyyən edilib və onlarla da guya Rusiya tərəfindən gələn dronlar təchiz edilib”.
T.Abbasov diqqətə çatdırıb ki, Qərb ciddi cəhdlə çalışır ki, bir çox ölkələri Rusiyaya qarşı qaldırsın, onları Ukrayna kampaniyası ətrafında səfərbər etsin ki, Rusiyanın cəbhə xəttində çox ağır vəziyyət yaransın: “Qərb həmişə bu texnologiyalardan istifadə edib. İrana və digər ölkələrə qarşı da istifadə ediblər ki, ətraf ölkələrin hamısını düşmən saydıqları məmləkətə qarşı qoysunlar və burada ciddi bir böhranlı vəziyyət yaratsınlar. Mən belə xəbərlərin həqiqətə uyğun olduğuna inanmıram. Əksinə, onlar görürlər ki, Rusiya daxildə səfərbərlik elan etməyə çalışır. Ona görə də tələsik şəkildə istəyirlər ki, anti-Rusiya koalisiyasını möhkəmlətsinlər və onu qətiyyətlə təmin etsinlər. Qətiyyət də oradan irəli gəlir ki, əgər risklər varsa, qətiyyət yaranır. Odur ki, bu risklərin bir çoxu uydurmadır və təxribat yönlüdür”.
Röya İsrafilova