9 İyul 22:25
07:41
693
İsrail hakimiyyəti yaxın günlərdə Livanın yəhudi dövlətinin qoşunları tərəfindən tutulmuş ərazilərinin bir hissəsi üzərində nəzarəti Beyruta qaytarmağa hazırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
Hazırda İsrailin nəzarətində olan ilk "pilot zona" "bir neçə gün ərzində" Livanın nəzarətinə qaytarılacaq. "Növbəti pilot zonalar xəritələrdə müəyyən edilib. CENTCOM (ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı) tərəqqiyə nail olmaq üçün hər iki ölkə ilə qarşılıqlı əlaqədədir", — deyə telekanal amerikalı rəsminin sözlərini sitat gətirir.
ABŞ administrasiyasının nümayəndəsi əlavə edib ki, Birləşmiş Ştatlar Livan hökumətinə bu zonalarda və bütövlükdə bütün ölkədə suverenliyini effektiv şəkildə bərpa etməyə kömək etmək üçün "tezliklə beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağa başlayacaq".
Qeyd olunur ki, bu məsələ ilə bağlı tərəflərin nümayəndələri arasında qapalı formatda danışıqlar gələn həftə Romada keçiriləcək.
Məryəm Quliyeva