“İraqın Bakı ilə də əməkdaşlığı genişləndirməsi məqsədəuyğun olar” Dünya

“İraqın Bakı ilə də əməkdaşlığı genişləndirməsi məqsədəuyğun olar”

“Livanın İraqa Hörmüz boğazından yan keçən alternativ neft tranziti marşrutu təklif etməsi ilk baxışdan cəlbedici görünür. Hörmüz boğazında artan geosiyasi gərginliklər fonunda İraqın ixrac marşrutlarını şaxələndirmək istəyi tamamilə başadüşüləndir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O hesab edirki, bu təklif strateji baxımdan cəlbedici görünsə də, praktik baxımdan Hörmüzdən daha təhlükəsiz alternativ yaratmır: “Məsələ ondadır ki, alternativ marşrutun etibarlılığı yalnız coğrafiya ilə ölçülmür. Əsas meyar onun siyasi sabitliyi, təhlükəsizlik mühiti və uzunmüddətli işləkliyidir. Məhz bu baxımdan Livan ciddi suallar doğurur. Beyrut limanı texniki baxımdan İraq neftinin Aralıq dənizi vasitəsilə Avropa bazarlarına çıxışı üçün əlverişli imkan təqdim edə bilər. Lakin limanın yerləşdiyi ölkənin təhlükəsizlik reallığı bu üstünlüyü əhəmiyyətli dərəcədə zəiflədir”.

T.Rzayevin sözlərinə görə, Livan uzun illərdir daxili siyasi parçalanma, məzhəb əsaslı hakimiyyət sistemi və silahlı qrupların təsiri altında fəaliyyət göstərən dövlətdir: “Xüsusilə Hizbullahın ölkənin siyasi və təhlükəsizlik sistemində oynadığı rol Livanı regional qarşıdurmaların əsas meydanlarından birinə çevirib. İsrail ilə Hizbullah arasında vaxtaşırı baş verən toqquşmalar və İsrailin Livan ərazisinə endirdiyi zərbələr bu ölkədən keçəcək strateji enerji infrastrukturu hər zaman hərbi risk altına salacaq. Belə şəraitdə milyardlarla dollar dəyərində neft infrastrukturu qurmaq və onu uzunmüddətli şəkildə təhlükəsiz saxlamaq həm iqtisadi, həm də siyasi baxımdan olduqca çətindir”.

Politoloq bildirib ki, İraq üçün daha məntiqli və daha təhlükəsiz alternativ Türkiyə marşrutudur: “Türkiyə artıq onilliklərdir enerji tranzit ölkəsi kimi özünü sübut edib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, TANAP və digər beynəlxalq layihələr göstərdi ki, Ankara həm iri həcmli enerji infrastrukturunu idarə etmək, həm də onun təhlükəsizliyini təmin etmək baxımından ciddi institusional təcrübəyə malikdir. Üstəlik, Türkiyə Avropa bazarına birbaşa çıxış verən, NATO üzvü olan və logistika baxımından inkişaf etmiş ölkədir. Bu amillər investorlar üçün də riskləri əhəmiyyətli dərəcədə azaldır”.

O, Azərbaycanın təcrübəsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bakı son otuz ildə enerji diplomatiyası və transmilli boru kəmərlərinin planlaşdırılması sahəsində mühüm təcrübə qazanıb. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan uğurlu model kimi qəbul olunur. Hesab edirəm ki, İraq ixrac marşrutlarını şaxələndirmək istəyirsə, Ankara ilə yanaşı, Bakı ilə də əməkdaşlığı genişləndirməsi məqsədəuyğun olar. Azərbaycanın texniki, hüquqi və kommersiya təcrübəsi yeni layihələrin hazırlanması və idarə olunmasında Bağdad üçün faydalı ola bilər”.

Röya İsrafilova