09:34
511
Ankara Baş Prokurorluğunun apardığı rüşvət və korrupsiya istintaqı çərçivəsində Etimesqut Bələdiyyəsində genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İstintaq çərçivəsində Etimesqut bələdiyyəsinin sədri Erdal Beşikçioğlu və müavinləri də daxil olmaqla, ümumilikdə 55 nəfər barəsində saxlanılma qərarı verilib.
Beşikçioğlu səhər saatlarında polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı bələdiyyə binasında və saxlanılan şəxslərin yaşayış ünvanlarında axtarışlar aparılır.
Qeyd edək ki, bu ilin mart ayında Ankara Prokurorluğu Etimesqut Bələdiyyəsi və ona məxsus ETİMKENT A.Ş.-nin maliyyə hesabatlarında aşkar olunan qanun pozuntuları ilə bağlı istintaqa başlamışdı. Həmin əməliyyat zamanı 4 şübhəli saxlanılmışdı.
O zaman Erdal Beşikçioğlu açıqlamasında bildirmişdi ki, istintaqa səbəb olan müraciəti bələdiyyənin özü edib. O, hadisənin siyasi xarakter daşımadığını vurğulayaraq, bələdiyyənin Sosial Yardım İşlər İdarəsi və tamamilə bələdiyyəyə məxsus ETİMKENT A.Ş.-də çalışan bəzi əməkdaşlar barəsində aparılan istintaqın əvvəlcədən edilən rəsmi şikayət əsasında başladığını demişdi.
Erdal Beşikçioğlu həm də Türkiyə kinosunun məşhur simalarındandır. O, bir çox populyar serial və bədii filmlərdə baş rolları ifa edib.