Qurban Qurbanov: Sabah hər iki komandanın qələbə qazanmaq şansı var İdman

Qurban Qurbanov: Sabah hər iki komandanın qələbə qazanmaq şansı var

“Komandaları eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasına qarşı keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşmanın hər iki komanda üçün böyük əhəmiyyət daşıdığını bildirib:

“Bu, hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf qalib gəlmək istəyir. Rəqib çox iddialı və həvəslidir. Bu isə bizi daha məsuliyyətli olmağa vadar edir. Düşünürəm ki, azarkeşlər baxımlı oyuna şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik”.

Baş məşqçi ötən mövsümün bombardirləri Kamilo Duran və Leandro Andradenin ayrılığına da münasibət bildirib:

“Çox yaxşı iki oyunçumuzu güclü klublara yola saldıq. Onlara uğurlar arzulayıram. Hazırda hücum xəttində çıxış edən futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Onlara inanaraq komandaya cəlb etmişəm. İnanıram ki, Duran və Andradenin yoxluğunu hiss etdirməyəcəklər”.

Qurbanov iki il əvvəl Bolqarıstanın “Ludoqorets” klubuna qarşı 7:2 hesablı qələbəni xatırladaraq, bu görüşlə müqayisənin düzgün olmadığını vurğulayıb:

“Belə nəticələr nadir hallarda olur. ÇSKA bir qədər fərqli komandadır. Bakıda onların gücünü gördük. Bu gün futbol elə səviyyəyə gəlib çatıb ki, istənilən komanda belə nəticələr göstərə bilər. Qələbə qazanmaq üçün düzgün oyun qurmalıyıq. ÇSKA kimi rəqibə qarşı səhv etmək olmaz. Böyük hesab barədə düşünməməliyik. Biz bura nəticə qazanmaq üçün gəlmişik”.

Qeyd edək ki, ÇSKA – “Qarabağ” görüşü sabah Sofiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə (0:0) ilə başa çatıb.