Pentaqon "Lockheed Martin" ilə rekord müqavilə bağladı: 58,6 milyard dollar Gündəm

Pentaqon "Lockheed Martin" ilə rekord müqavilə bağladı: 58,6 milyard dollar

Pentaqon "Patriot" hava hücumundan müdafiə sistemi üçün sursatların istehsalı və tədarükü üzrə "Lockheed Martin" hərbi-sənaye korporasiyası ilə imzalanmış müqavilənin məbləğini 58,6 milyard dollara qədər artırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının iyulun 29-da dərc olunmuş bəyanatında bildirilir.

Sənəddə dəqiqləşdirildiyi kimi, Amerika hərbçiləri aprel ayında "Lockheed Martin" şirkətinə 4,7 milyard dollar dəyərində "PAC-3 MSE" zenit idarəolunan raketləri sifariş etmişdilər. Bir il müddətinə nəzərdə tutulmuş bu müqaviləyə indi yenidən baxılıb. Müqavilənin məbləği 53,9 milyard dollar artırılaraq 58,6 milyard dollara çatdırılıb, icra müddəti isə yeddi ilə qədər uzadılıb.

Bir neçə Amerika KİV-i bunun bu növündən olan ən böyük sövdələşmə olduğunu qeyd edib. Müqaviləyə gələcəkdə də dəyişikliklərin olunması istisna edilmir.

Bəyanatda vurğulanır ki, bu sifariş "Lockheed Martin" şirkətinə sözügedən sursat növünün istehsal gücünü artırmağa imkan verir. Şirkətin 2030-cu ilin sonunadək "PAC-3 MSE" raketlərinin istehsal həcmini üç dəfə artıra biləcəyi gözlənilir.

Məryəm Quliyeva