Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib Cəmiyyət

Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib

Avqustun 3-dən 6-dək Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu – TADİV və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.

Proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və məskunlaşma işlərini yerində müşahidə etmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq, Qarabağda baş verən tarixi dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə birbaşa mənbələr vasitəsilə çatdırmaqdır. Proqram zəfər, quruculuq və sülh istiqamətləri üzərində formalaşdırılıb. Azərbaycan dövlətinin regional sülh siyasətinin, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının, Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyətinin media müstəvisində obyektiv təqdim olunması da əsas hədəflər sırasında yer alıb.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşərək Qarabağda yenidənqurma prosesi, Cənubi Qafqazda davamlı sülhün perspektivləri və müharibədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıb.

Proqram Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Müzakirələr zamanı Qarabağda quruculuq, regional sabitlik, Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Azərbaycanla Türkiyənin nəqliyyat və enerji layihələrində əməkdaşlığı, həmçinin səfər zamanı əldə edilən müşahidələrin mediada işıqlandırılması məsələləri nəzərdən keçirilib.

Görüşün nəticəsi olaraq heyət üzvlərinin ortaq qənaətlərini əks etdirən “Zəfərdən sülhə” yekun bəyanatı ictimaiyyətə təqdim olunub.

Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edibQarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib