“Türkiyənin diplomatik fəallığı siyasi balansı dəyişə bilər” Dünya

“Türkiyənin diplomatik fəallığı siyasi balansı dəyişə bilər”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın paytaxtı Əmman şəhərində Qüds üzrə Nazirlər Toplantısından sonra “TRT Arabi”yə müsahibəsində İsrailin genişlənmə siyasətinə qarşı diplomatik tədbirlər görülməsə, böhranın qloballaşacağını deyib. Nazir həmçinin qeyd edib ki, İsrailin sülhlə bağlı niyyəti və planı yoxdur.

Bəs Türkiyənin bu məsələ ilə bağlı diplomatik fəallığı regionda balansın dəyişməsinə təsir göstərə bilər?

Sual ətrafında xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Türkiyənin diplomatik fəallığı regionda balansın dəyişməsinə təsir göstərə bilər, amma bunun regional balansı dəyişməsi daha çox diplomatik və siyasi səviyyədə baş verə bilər: “Hərbi balansı isə təkbaşına dəyişməsi düşünürəm ki, olduqca çətindir. Ümumiyyətlə, Türkiyənin bugünkü gündə əsas təsir aləti diplomatiyadır. Türkiyə İsrailə qarşı birbaşa hərbi qarşıdurmadan çox, diplomatik təzyiq, regional koordinasiya və beynəlxalq legitimlik yaratmaq xəttini üstün görür. Ankara İslam ölkələrini, ərəb dövlətlərini və Qərb tərəfdaşlarını İsrailin siyasətinə qarşı daha vahid mövqeyə gətirməyə çalışır. Bu baxımdan Fidanın “böhran qloballaşa bilər” xəbərdarlığı sadəcə İsrailə mesaj deyil. Bu, eyni zamanda, ABŞ və Avropa ölkələrinə də bir növ diplomatik təzyiqdir. Yəni bir az da sadə dillə desək, Türkiyə münaqişənin daha geniş regional müharibəyə çevrilməsi riskini beynəlxalq gündəmin mərkəzinə gətirməyə çalışır”.

Siyasi şərhçinin fikirlərinə görə, Türkiyənin ən böyük üstünlüklərindən biri odur ki, Ankara həm Qərblə diplomatik kanallara, həm də ərəb və müsəlman ölkələri ilə siyasi əlaqələrə malikdir: “Bununla yanaşı İsrailin davranışına real siyasi təzyiq göstərmək üçün regional diplomatiya ilə yanaşı ABŞ və Avropa ölkələrinin mövqeyində dəyişiklik lazımdır. Ankara regional konsensus yarada bilər, amma İsrail üzərində ən ciddi siyasi, hərbi və iqtisadi təsir imkanlarının bir hissəsi Qərb müttəfiqlərinin əlindədir. Ona görə Türkiyənin diplomatik fəallığının nəticəsi əsasən bir suala bağlı qalır: Ankara regional ölkələri ABŞ və Avropanın İsrail siyasətinə daha sərt mövqe tutmasına nə dərəcədə sövq edə bilər? Fikrimcə, əgər Ankara ərəb ölkələri ilə koordinasiyanı, Qəzza məsələsində diplomatik təşəbbüsləri və beynəlxalq platformalarda təzyiqi birləşdirə bilsə, Türkiyə münaqişənin həlli prosesində daha mərkəzi aktora çevrilə bilər. Bunlar isə hələlik ehtimaldır. Düzdür, Türkiyənin diplomatik fəallığı regional siyasi balansı dəyişmək potensialına malikdir, amma bunun üçün mənə elə gəlir ki, Ankara təkbaşına deyil, regional və beynəlxalq koalisiya formalaşdırmalıdır”.

Röya İsrafilova