“Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Müsəlman İttifaqını qurdu, amma İransız” Gündəm

“Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Müsəlman İttifaqını qurdu, amma İransız”

“ABŞ hazırda müxtəlif regionlarda müdafiəni öz monopoliyasından çıxarıb regional güclərə təhvil verir. Bənzər proses Avropada da gedir. Lakin burada tərəflərin fərqli, yarı-müstəqil maraqları da var. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistanın Müsəlman İttifaqında əsas maraqları: Səudiyyə - İranın regional proksiləri, o cümlədən Husilər vasitəsilə törətdiyi təhdidlərə qarşı müdafiə qabiliyyətini, çəkindirmə gücünü artırmaq istəyir. Türkiyə - İsraildən gələ biləcək təhdidlər fonunda aparıcı müsəlman ölkələri ilə hərbi ittifaq qurur, İslam dünyasında inisiativi ələ almaqda, təhlükəsizlik strukturunda real və aparıcı güc olduğunu göstərməkdə maraqlıdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ş.Cəlilzadə qeyd edib ki, Pakistan - yeganə nüvə gücü olan müsəlman dövləti kimi İslam həmrəyliyini nümayiş etdirir: “Xatırlasaq, hətta ABŞ və İsrail İrana qarşı nüvə silahından istifadə məsələsini gündəmə gətirəndə Pakistan İranı müdafiə etmiş, “heç kəs müsəlman ölkəsini nüvə silahı ilə təhdid edə bilməz, biz varıq” demişdi. Həm də Hindistan təhdidinə, daha böyük regional təhdidlərə qarşı müsəlman hərbi ittifaqında maraqlıdır. Beləliklə, yeni hərbi birlik “İslam NATO-su” elementlərinə malik olsa da, bundan daha geniş mahiyyət daşıyır. Bu arada, ABŞ-nin 1955-də təsis etdiyi “Bağdad Paktı”nı da “İslam NATO”su adlandırırdılar. Bu məntiqlə yanaşanda indi “İslam NATO-su 2.0” qurulur. Birinci “İslam NATO-su”nda məqsəd SSRİ-nin Yaxın Şərqə yayılmasının qarşısını almaq idi. İndi isə İttifaqın İranın regional təsir imkanlarını nəzarətdə saxlamaqla yanaşı, ümumilikdə İslam Dünyasında təhlükəsizlik mexanizmi olaraq çıxış etmək qabiliyyətinə malik olması gözlənilir”.

Onun sözlərinə görə, indiyədək ABŞ Yaxın Şərqdə təhlükəsizliyi “İbrahimi sazişləri” təşviq etməklə qurmağa çalışırdı: “Lakin bu yanaşma İsrailin soyqırım siyasəti nəticəsində iflasa uğradı. Odur ki, artıq yeni yanaşma “Müsəlman İttifaqı”dır və regional təhlükəsizlik də bu ittifaq mexanizmləri ilə həyata keçirilə bilər. Bu yaxınlarda İran çağırış etmişdi ki, Müsəlman İttifaqı onunla birlikdə qurulsun. Lakin görünən odur ki, İttifaq İransız qurulur. Çünki İranın ABŞ ilə müharibədə region ölkələrinə törətdiyi təhdidlər İttifaq üzvlərinin “qırmızı xəttini” təşkil edir. İttifaq genişlənə bilər. Məsələn, Misirlə birlikdə dördtərəfli mexanizm artıq xarici işlər nazirlərinin görüşləri səviyyəsində formalaşıb. Yəni Misir-SƏ-Türkiyə-Pakistan dördtərəfli siyasi dialoqu artıq mövcuddur. Ən son dördüncü belə görüş iyun ayında Qahirədə keçirilmişdi. Lakin İsrail faktoruna görə Misir kollektiv müdafiə öhdəliyi götürməkdən hələ ki, çəkinir. Qətər isə daha real namizəddir. Pakistan müdafiə naziri Qətərin də qoşula biləcəyini hələ ittifaq qurulmazdan əvvəl bəyan edib. Beləliklə, Müsəlman İttifaqı İslam Dünyasında kollektiv təhlükəsizlik mexanizmi olaraq fəaliyyət göstərəcək. Mexanizmin işlək olub-olmayacağını isə gələcək müharibələrdə ortaya qoyacağı real fəaliyyət sübut edə bilər. İttifaq İranın müdafiəsini təşkil etməsə də, İrana qarşı müharibənin genişlənməsinə də mane ola bilər”.

Röya İsrafilova