
Söhbət zərrə qədər olsun Ukraynanın tək qoyulmasından getmir. İstər Avropa Birliyi ölkələri, istərsə də ABŞ bu günün özündə belə mümkün qədər rəsmi Kiyevin yanındadırlar. Hətta yanılmıramsa iki gün öncə
ABŞ Senatı mərhum senator Lindsi Qrehemin Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Cəhənnəm sanksiyaları” adlı bu qanun layihəsi Senatda 68 lehinə, 9 əleyhinə səslə qəbul edilib. Və layihə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaların tətbiqini, həmçinin Çin, Hindistan və digər ölkələrin Rusiya nefti və qazından asılılığını azaltmaq məqsədilə onlara qarşı yüksək gömrük rüsumlarının tətbiqinə imkan verən müddəaları ehtiva edir.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
O, qeyd edib ki, bundan başqa ABŞ Dövlət Departamenti hazırda Ukraynaya 12 M270 buraxılış qurğusu və 70 “torpaq-torpaq” sinifinə aid ATACMS ballistik raketləri verməyə hazırlaşır:
"Qeyd edim ki, bu barədə məlumatı məhz ABŞ Dövlət Departamenti yayıb. Eyni zamanda Ukraynaya kasset döyüş mərmi və sursatlarının da verilməsi nəzərdə tutulub.
Göründüyü kimi məqsəd Rusiyanı tamamən durdurmaqdır. Təsadüfü deyil ki, ABŞ Dövlət Departamenti Ukraynaya göndəilən silahların ABŞ-nin təhlükəsizlik sferasında yardım etmə məqsədlərinə cavab verdiyini də açıqlayıb.
Avropa ölkələrindən Almaniya isə Ukrayna ilə birgə yeni raketdən müdafiə layihəsi olan Freya layihəsi üzərində çalışır.
Ki, sözügedən bu layihə Rusiyanın mütəmadi ballistik raket hücumları qarşısında Ukrayna üçün kritik əhəmiyyət daşıyır.
Əlqərəz gəlirəm mətləbə. Türkiyə Xarici işlər naziri Hakan Fidanın yeni bir açıqlaması var. Məğz belədir: "Rusiya köşəyə sıxışdırıldıqca, onun nüvə silahından istifadə etmə əmsalı da artır... Sizin əlinizdəki ən son imkan nə isə bu səfər onu istifadə edərsiniz. Bu çox təhlükəli bir durumdur. Bizlər nə bacarırıqsa, bu savaşın durdurulması üçün çalışmalıyıq"
Qeyd edim ki, Rusiya ilə bağlı bu durumdan bir tək Türkiyə xəbərdar deyil. Həm ABŞ, həm də Avropa Birliyi ölkələri məsələnin kifayət qədər fərqindədirlər. Odur ki, Rusiyaya daha yaxın Avropa ölkələri ilk növbədə öz təhlükəsizliklərinin təmini üçün addım atacaqlar.
Dünya, sürətlə qlobal çapda başlayacaq Üçüncü dünya savaşına hazırlaşır. Ki, bu savaş da gedir artıq. Rusiya ilə sərhəddi olan Finlandiyaya gəlincə isə...Deyim ki, bu ölkədə də mümkün müharibə hazırlıqları tam sürətlə davam edir. Onların "Patriot" raket sistemlərini Ukraynaya tədarük etməməsi fikrimcə Finlandiya üçün vacib haldır".
Cavid