Baltik ətrafında gərgin vəziyyət Dünya

Baltik ətrafında gərgin vəziyyət

NATO və Rusiya eyni vaxtda hərbi manevrlərə başladı

Dünən Kalininqrad vilayətində Qərb Hərbi Dairəsinin komandanlığının rəhbərliyi altında Rusiyanın Baltik donanması, Hava-Desant Qoşunları və Hərbi-Hava Qüvvələrinin hərbi təlimləri başlayıb.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, hərbi təlimlər NATO-nun Latviya, Litva və Estoniyada start götürən "Saber Strike-2014" və "BALTOPS-2014" beynəlxalq hərbi təlimləri ilə eyni vaxtda başlayır.
Bu, Rusiya və NATO-nun Ukrayna ətrafında böhranın başlamasından bu yana hərbi gərginliyin daha da artmaqda olduğunu göstərir.
Cəmi bir neçə gün əvvəl, iyunun 5-də Rusiyanın Qərb hərbi dairəsinin qoşunları raket atışları ilə müşayiət olunan hərbi manevrlər keçiriblər. Qərb ekspertləri bu təlimləri Kiyevə təzyiq kimi qiymətləndiriblər.
Moskva isə bildirib ki, təlimlər Şərqi Avropada Amerika raketdənmüdafiə sistemlərinin yerləşdirilməsinə cavabdır. Rusiya Müdafiə Nazirliyi Baltikyanı regionda təlimlərin NATO təlimləri ilə eyni vaxtda başlamasının təsadüf olmadığını gizlətmir. "Kalininqrad vilayətində manevrlərə çıxan hərbi texnikanın, canlı qüvvənin və silahların sayı NATO təlimlərinə çıxarılan qüvvələrin miqdarına uyğundur" deyə nazirlikdən bildirilir.
Rusiyanın hərbi manevrlərində gəmi qruplaşmaları, hava desantçıları və dəniz piyadaları, HHM sistemləri, Su-34 qırıcı-bombardmançıları, Mi-24 vertolyotları və Tu-22M3 strateji bombardmançıları iştirak edir.
Təlimlərin gedişində Kalininqrad vilayətinə hava desant qüvvələrinin atılması təcrübədən keçiriləcək. NATO təlimlərində isə ABŞ başda olmaqla 13 ölkənin qüvvələri iştirak edir. ABŞ donamması təlimlərə "Mount Whitney" qərargah gəmisi və "Oscar Austin" esminetsi ilə qatılıb. "Saber Strike-2014" təlimlərdə 4.7 min hərbçi, 800 vahid hərbi texnika, BALTOPS-2014 təlimlərində isə ABŞ-dan 1300 hərbçi iştirak edir. Bu təlimlər hər il keçirilir, ancaq indi Rusiya ona Kalininqrad vilayətində irimiqyaslı təlimlərlə cavab verir.