15:15
231
Çin Xalq Respublikasında (ÇXR) məhkəmə şərqdə yerləşən Çjetszyan əyalətinin keçmiş qubernator müavini Qao Sinfunu hökmün icrası iki il təxirə salınmaqla ölüm cəzasına məhkum edib.
Xalqcebhesi.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, o, 193 milyon yuan (29 milyon dollar) məbləğində rüşvət almaqda təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, Qao Sinfu 2004–2025-ci illər ərzində dövlət şirkətlərində və region hökumətində rəhbər vəzifələr, o cümlədən Çjetszyan əyalətinin qubernator müavini və əyalətin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi sədrinin müavini postlarını tutub. O, xidməti mövqeyindən istifadə edərək layihələr üzrə müqavilələrin bağlanmasına, şirkətlərin birjaya çıxmasına və digər işgüzar məsələlərə yardım göstərmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən rüşvət alıb.
Məhkəmənin qərarında qeyd olunur ki, Qao Sinfu xüsusilə külli miqdarda rüşvət alaraq dövlətin və xalqın maraqlarına böyük ziyan vurub.
Qao Sinfu istintaqla fəal əməkdaşlıq edib, özünü təqsirli bilib və məhkəmədə peşman olduğunu bildirib.
Xatırladaq ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə ÇXR Sədri Si Cinpinin hakimiyyətə gəlişindən sonra daha da fəallaşıb. Onun sözlərinə görə, korrupsiya "partiyanın həyat qabiliyyətini və döyüş əzmini təhlükə altına alan xərçəng şişidir". Son bir neçə il ərzində genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində yüksəkvəzifəli məmurlar, iri şirkət və bankların rəhbərləri, eləcə də sıravi dövlət qulluqçuları vəzifələrindən azad edilib və ömürlük həbs də daxil olmaqla müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.
Məryəm Quliyeva