Gül son anda namizədliyini verməkdən imtina edəcək Dünya

Gül son anda namizədliyini verməkdən imtina edəcək

CHP-də Abdullah Gülün namizədliyi barədə ciddi fikir ayrılıqları var.
Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, açıqlamalardan da görünür ki, Gülün namizədliyini dəstəkləyənlər və dəstəkləməyənlər arasında ciddi fikir ayrılığı mövcuddur:
"Dəstəkləyənlər - Kamal Kılıçdaroğlu, Bülənt Tezcan, Məhməd Bekaroğludursa, digər tərəfdə isə Müammər İncə, Özgür Özəl və Vəli Akbaba durur. Əsas problem isə CHP Gülün namizədliyini açıqladığı anda Gülün son dəqiqədə bundan vaz keçdiyini açıqlaması zamanı yaşanacaq".
N.Cəfərsoy vurğulayıb ki, Gül son anda namizədliyini verməkdən imtina edəcək:
"Əsl səbəb isə Prezident Rəcəb Tayyib Ərdoğanın əlindəki fürsətlərdən istifadə etməsi və Akşənərin seçkidə iştirakı olacaq. Gül isə səbəb kimi ortaq namizəd olmaq istəmədiyini göstərəcək. O zaman CHP böyük problemlər yaşanacaq".
N.Cəfərsoy Abdullah Gülün nə üçün belə addım atma ehtimalının olduğuna da münasibət bildirib:
"Akşənərin namizəd olacağı seçkidə Gül (Səadət+CHP və bəlkə başqa xırda partiyaların ortaq namizədi olar bilər) namizəd olsa belə, seçkidə üçüncü sırada qalacaq. Əvvəla onun AKP-dən səs aparmaq potensialı 3-5%-i keçməz. CHP-dən də ən çox 5% səs ala bilər (İncə Akşənərə dəstək versə və onun vitse-prezident olacağı elan edilsə, bu belə yüksək rəqəm sayıla bilər). Səadət Partiyasının da 5% səs alacağını düşünsək, Gül ən çoxu 15% səs ala bilər. Bu ssenari ən yüksək ehtimaldır. Amma Gül belə riskə getməz".
N.Cəfərsoy bu seçkilərdən sonra CHP-nin ana müxalifət ünvanını itirməsinin sürpriz olmayacağını bildirib.