ABŞ Dövlət Departamenti Azərbaycana təşəkkür edib Dünya

ABŞ Dövlət Departamenti Azərbaycana təşəkkür edib

"Əfqanıstana dair Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Onlar Əfqanıstan sülh prosesinə və prezident əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Bu görüş zamanı sülhə dair və prezident Qaninin sülhün bərqərar olinmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə edirik".
Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu təşəbbüs "Taliban" tərəfindən də müsbət qarşılanıb. O, ölkəsi adından Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib. Uels qeyd edib ki, hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan verməkdir.
"Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. "Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür və Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstanda məsələsində əməkdaşlığı Azərbaycanla əməkdaşlığımızın zəminlərindən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Azərbaycanın görüş məkanı seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident İlham Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm".