Türkiyə ilə gərginlik yaratmaq ABŞ-ın maraqlarına ziddir Dünya

Türkiyə ilə gərginlik yaratmaq ABŞ-ın maraqlarına ziddir

"Bu sanksiyaların aradan götürülməsi ABŞ-ın Türkiyə ilə bağlı siyasətinə müəyyən korrektələr etmək istəməsindən qaynaqlanır".
Bu sözləri analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, sanksiyaların Türkiyəyə tətbiqi ABŞ-ın maraqlarına cavab vermirdi:
"Ümumiyyətlə, ABŞ tərəfindən atılan bu addım çox anormal idi. İranla münasibətlərin kəskinləşməsi fonunda, Rusiya ilə əlaqələrin normal getmədiyi bir zamanda Türkiyəyə sanksiyaların tətbiq olunması və bununla da Türkiyə ilə də gərginlik yaratmaq ABŞ-ın maraqlarına zidd idi. Eyni zamanda bütün bunlar ABŞ-ın aktiv Yaxın Şərq siyasətinə ciddi təsir göstərirdi. Çünki Türkiyə hər zaman NATO-nun, Avropa ailəsinin üzvü olaraq, Qərbin və ümumiyyətlə, müxtəlif ölkələrin Yaxın Şərq siyasətində ciddi rola malik ölkə olub. Buna görə də hər zaman münasibətlərin kəskinləşməsi ABŞ, o cümlədən Qərb ölkələrinin maraqlarına cavab vermir. Bundan əvvəl də mətbuata açıqlamalarımda qeyd etmişdim ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları uzunmüddətli ola bilməz. Burada vacib məqam ABŞ-ın öz siyasətinə müəyyən korrektələr etməsidir".
Analitik vurğulayıb ki, baş verənlər Türkiyənin Rusiyadan uzaqlaşmasına səbəb olmayacaq:
"Bunu demək yanlış olardı. Əksinə, mən məsələni başqa cür dəyərləndirərdim. Türkiyəyə qarşı bu sanksiyaları ləğv etməklə, ABŞ Türkiyədən Rusiya ilə münasibətlərin düzəlməsi üçün bir vasitəçi kimi istifadə edə bilər. Çünki hazırda ABŞ-ın öz daxilində problemlər var. ABŞ-da Çinlə bağlı müzakirələr daha çox aparılır. İstər demokratların, istərsə də respublikaçıların ən ciddi fikir ayrılığı məhz bu iki ölkədən hansının daha ciddi, qorxulu, düşmən olması məsələsində yaranır. Son atılan addımlar onu deməyə əsas verir ki, ABŞ Çini daha ciddi düşmən, rəqib statusunda görməyə başlayıb. Bu mənada Rusiya ilə müəyyən nöqtələrdə münasibətlərini düzəltməkdə və mövqelərini uzlaşdırmaqda maraqlıdır. Bu da şübhəsiz ki, Türkiyə vasitəsi ilə olacaq".
Qeyd edək ki, ABŞ Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə tətbiq etdiyi sanksiyanı ləğv edib.