Avropa Parlamentindən Səudiyyə Ərəbistanına silah qadağası Dünya

Avropa Parlamentindən Səudiyyə Ərəbistanına silah qadağası

Avropa Parlamenti (AP) Səudiyyə Ərəbistanına silah embarqosunun tətbiq olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsinin hazırlanması səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlıdır.
Layihə Səudiyyə Ərəbistanına silah satışını qadağan etməyi nəzərdə tutur. Hətta, sanksiyanın Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə şamil edilməsi də gündəmdədir.
AP, Qaşıqçı cinayətindən sonra qəbul etdiyi qətnamədə jurnalistin öldürülməsini sərt şəkildə pisləmiş və Səudiyyə Ərəbistanına Avropa İttifaqı miqyasında silah embarqosu tətbiq olunmasını tələb etmişdi. Layihənin hazırlanması ilə AP konkret addım atmış oldu.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.
Camal Qaşıqçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.