İran və Misir “Kürdüstan” layihəsinə qarşı Dünya

İran və Misir “Kürdüstan” layihəsinə qarşı

İran rəsmisi: "İraq kürdləri referendum prosesini dayandırmalıdır"
Misir prezidenti: "Bu addım İraqın parçalanması üçün ilk faciə olacaq"

"İraq parçalanma həddindədir". "Al JazeeraTürk" telekanalının xəbərinə görə, bunu İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzani bildirib.
Onun sözlərinə görə, baş nazir Nuri əl-Malikinin başçılıq etdiyi İraqın mərkəzi hökuməti ölkədə vəziyyətə nəzarət etmir.
Bərzaninin qeyd etdiyi kim, gec ya tez kürd administrasiyası öz müstəqilliyini elan edəcək. Bərzani əlavə edib ki, bu zaman administrasiya regiondakı digər torpaqlara iddia etməyəcək.
Qeyd edək ki, İraqın Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani hələ iyulun 1-də də açıqlama verərək Kürdüstanın müstəqilliyi üçün yaxın aylarda bir referendum keçirmək niyyətində olduqlarını bildirmişdi. İsrailin baş naziri Benyamin Netanyah isə bir həftə əvvəl jurnalistlərlə görüşündə "Kürdüstanın müstəqillik ideyasına dəstək verdiyini, ölkəsinin müstəqil Kürdüstanı tanıyacağını" bəyan edib.
Bərzaninin bu açıqlaması rəsmi Tehranın da ciddi narahatlığına səbəb olub. İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan da jurnalistlərə açıqlamasında İraqın Kürdüstan muxtariyyətinin müstəqilliyi məsələsindən danışıb.
Hüseyn Əmir Abdullahiyan deyib ki, İraq kürdləri müstəqilliklə bağlı referendum keçirməyə tələsməməli, bu prosesi dayandırmalıdırlar: "Biz İraqın parçalanmasına heç vaxt icazə verməyəcəyik. Biz bunu İraqın Kürdüstan muxtariyyətinin hökumətinə də açıq şəkildə bildirmişik. İran İsrailin baş naziri Netanyahunun röyalarının gerçəkləşməsinin qarşısını alacaq, buna yol verməyəcək.
Biz İraqın ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması üçün bütün gücümüzlə İraq xalqının və hökumətinin yanında olacağıq".
Xatırladaq ki, İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian Küveytə və Omana gedib, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Səfər zamanı H.Əmirabdullahian hər üç ölkə rəsmiləri ilə bölgədəki son durumu, İraq və Suriyadakı vəziyyəti müzakirə edəcək. Bundan öncə isə İran rəsmisi Rusiyaya səfər etmiş və Rusiya rəsmiləri ilə İraq və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdi.
Rəsmi Qahirə də Yaxın Şərqdəki vəziyyətdən narahatlığını gizlətməyib. Ölkənin yeni seçilmiş prezidenti Əbdül-Fəttah Sisi bəyan edib ki, əvvəlcə Misirin "İslam Dövləti"nin nəzarətinə verilməsi planı həyata keçirilirdi, lakin bunun qarşısı alındı. Onun sözlərinə görə, İŞİD Suriya və İraqdan sonra İordaniya və Ərəbistana keçəcək.
Misir prezidenti yerli jurnalistlərlə görüşündə Yaxın Şərqdəki vəziyyətin gərginləşməsini radikal silahlıların qarşısının vaxtında alınmaması ilə əlaqələndirib. Sisi ABŞ və Avropaya "İslam Dövləti" terror təşkilatına müəyyən dəstəklərin verilməsi məsələsində xəbərdarlıq edib.
O, "Kürdüstanın müstəqilliyi" məsələsinə də toxunub. Bu istiqamətdə atılan addımları "İraqın parçalanması üçün ilk faciə" adlandırıb.
"Son günlər bəzi mətbuat orqanları İraqda baş verənləri İŞİD və həmin qruplaşmaya aid olanlar tərəfindən törədilən cinayətlər kimi deyil, sünni-şiə qarşıdurması kimi qələmə verirlər. Ehtiyatsızlıq, təcrübəsizlik və ya bəzən qəsdən İraqda baş verənlərin təriqətlərarası qarşıdurma kimi təqdim edilməsi yolverilməzdir".
Onun sözlərinə görə, bu və ya digər oxşar hadisələr müsəlman ölkələrində davam edir: "Bəllidir ki, müsəlman ölkələrində baş verənlər İslamın gözdən salınmasına xidmət edir. Azərbaycanda bu cür kütləvi ehtiyatsızlıq yolverilməzdir. Azərbaycanın tolerantlıq nününəsi kimi göstərilməsinə baxmayaraq, bu məsələyə həssaslıqla yanaşılmalı, xüsusilə dini saytlar təriqətlə bağlı yazılara ehtiyatla davranmalıdırlar. İraqda və Suriyada törədilən cinayətlərin əksəriyyəti İslamın müqəddəs hesab etdiyi dəyərlərin əleyhinədir. İnsanların yaşından, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq qətlə yetirilməsi, müqəddəs yerlərin dağıdılması, insanların daimi yaşadıqları tarixi vətəndən qovulması kimi faciələr İslamın müəyyən etdiyi təməl prinsiplərə ziddir. Bu əməllər məqsəddən aslıı olmayaraq sülh və insanlıq əleyhinə törədilən cinayətdir. Yaxşı olar ki, mətbuat da baş verənləri bir qrupun sülh və insanlıq əleyhinə törətdiyi cinayət kimi təqdim etsin".
CƏMİL