Ukrayna 258 hərbçisini itirib Dünya

Ukrayna 258 hərbçisini itirib

Rusiya təyyarələri isə Ukraynanın hava sərhədlərini pozur

Cavid

Rusiyanın Ukraynaya təcavüzü davam edir.
Ukrayna rəsmiləri terrorçuluğa qarşı əməliyyatlar zamanı Ukrayna hökumət qüvvələrinin son itkiləri barədə məlumatlar yayıb. Ukrayna güc qüvvələrinin terrorçuluğa qarşı əməliyyatlar zamanı 258 qulluqçusu həlak olub.
Hadisələr zamanı 922 hərbçi yaralanıb, həmçinin hazırda əsirlikdə 45 nəfər qalır. Bu haqda Anti Terror Qüvvələrinin informasiya mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.
"Anti Terror Qüvvələrinin indiyədək keçirdiyi bütün əməliyyatlar ərzində 258 hərbi qulluqçu həlak olub, 922-si yaralanıb. Bu gün əsirlikdə bizim 45 hərbi qulluqçumuz var. Bunların sırasına vurulmuş AN-26 təyyarəsinin iki pilotu da daxildir", - deyə Andrey Lısenko əlavə edib.
Xatırladaq ki, daha öncə Anti Terror Qüvvələrinin qərargahından Luqansk ərazisində vurulmuş AN-26 hərbi-nəqliyyat təyyarəsinin ekipaj üzvlərindən ikisinin əsirlikdə olduğu, digər iki nəfərin taleyi haqda məlumat olmadığı barədə məlumat veriblər.
Dünən verilən son məlumatlara görə, Ukraynanın Dnepropetrovsk şəhəri üzərində hərbi helikopterlər uçub.
Şəhər və çay üzərində üçan helikopterlərin Ukraynaya məxsus olduğu bildirilir. Belə ki, təyyarələrin üzərində Ukrayna simvolları və lisenziyası olub.
Bu arada Rusiya təyyarəsi yenidən Ukraynanın hava sərhədlərini pozub. Ukrayna Milli Təhlükəsizlik Şurasında vertolyotların havaya qaldırılmasının Rusiya təyyarəsinin dövlət sərhədlərini pozması ilə əlaqədar olmadığını bildiriblər.
Sosial şəbəkələrdə isə Dnepropetrovskda Ukrayna əleyhinə mitinqlərin keçirildiyi barədə xəbərlər yayılıb.
Antiterror güclərinin Luqansk vilayətinin Marinovka rayonundakı mövqeləri Rusiya ərazisindən "Qrad" və "Qvozdika" 2C1 özüyeriyən qaubitsalardan atəşə tutulub.
Unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
"Gecə boyunca antiterror güclərinin Marinovka yaxınlığındakı mövqeləri əvvəlcə "Qrad" yaylım atəş sistemi, daha sonra isə minaatanlardan və 122 millimetrlik "Qvozdika" 2C1 özüyeriyən qaubitsadan atəşə tutulub. Antiterror gücləri cavab atəşini açıb. İtkilər barədə məlumatlar dəqiqləşdirilir", - hərbi ekspert qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ukrayna ordusunun Rusiyanın müasir raket sistemlərinin atəşi altında olduğunu söyləyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval isə dünən antiterror gücləri Luqansk vilayətinin Zelenopole kəndi yaxınlığındakı mövqelərinin Rusiyanın "Tornado-Q" reaktiv atəş sisteminin atəşinə məruz qaldığını bildirib.
Zelenopole kəndi yaxınlığında "Tornado"dan atəş barəsində ilk dəfə 13 iyulda "İnter" telekanalının əməkdaşı Roman Boçkala bildirib. Onun sözlərinə görə, "Qrad" 20, "Tornado-Q" isə 90 kilometr məsafədən atəş aça bilir. "Bu isə o deməkdir ki, "Tornado" sistemlərindən Rusiya ərazisindən atəş açılır", - telekanal əməkdaşı qeyd edib.
İyulun 15-də Donetsk vilayətinin Snejnıy şəhərində raket zərbəsinin yaşayış binasına tuş gəlməsi nəticəsində azı 11 dinc sakin həlak olub və bina ciddi dağıntıya məruz qalıb. Belə ki, 4 mərtəbəli yaşayış binasına iki ayrı bucaqdan zərbə endirilib ki, binanın divarı bir neçə hissədən uçub, eyni zamanda yaxınlıqdakı yaşayış evi aviazərbədən məhv olub.
Sağ qalan İqor Çernetsovun sözlərinə görə partlayış səsi qəflətən eşidilib: "Partlayış dalğası məni pəncərədən küçəyə atdı, dördüncü mərtəbədən əlimdə yastığla asfalta yıxıldım. Özümə gələndə bütün toz-duman içində olduğumu gördüm, nəyin baş verdiyini anlaya bilmədim".
Separatçılar avia-hücumlara görə əsas şübhələri Ukrayna ordusuna yönəltsələr də, rəsmi Kiyev yerli sakinlərin bu iddialarını təkzib edib. Ancaq qanlı hücuma görə kimin cavabdeh olduğunu da bildirməyib. Hər halda üsyançılar qırıcı təyyarələrə və digər aviatexnikaya sahib olmadığından hücuma görə Ukrayna qüvvələrindən şübhələnməyə əsas verir.
Qeyd edək ki, ardıcıl uğurlu əməliyyatlar nəticəsində Ukrayna qoşunları separatçıların tutduğu ərazilərin yarısını geri ala bilib. Hazırda üsyançıların əsas istinadgahına çevrilmiş Luqansk və Donetsk şəhərləri uğrunda mübarizə gedir.
"Rusiya tərəfindən irəli sürülən Ukraynanın Rostov bölgəsinin Donetsk yaşayış məntəqəsinin atəşə tutması dəlilləri yetərli deyil". Bu barədə isə mövqeni jurnalistlərlə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki irəli sürüb.
Psaki Rusiya tərəfindən xarici hərbi attaşelərin bölgəyə dəvət etməsi ilə ABŞ attaşesinin də bu rayona getdiyini təsdiq edib. Elə bu səfərin nəticələrinə görə ABŞ-da bu qərara gəliblər ki, Rusiya tərəfindən irəli sürülən dəlillər "təkzibolunmaz deyil".
Qeyd edək ki, daha əvvəl Rusiya ölkədə olan 18 hərbi attaşeni Ukrayna tərəfindən atəşə tutulması iddia edilən ərazilərə apararaq vəziyyətlə tanış etməyə çalışıb.
"Rusiya Ukraynanın şərqindəki torpaqların hesabına öz ərazisini genişlədəcəyi təqdirdə sözlərdən hərəkətə keçmək vaxtı çatacaq".
Bunu isə Çexiya prezidenti Miloş Zeman deyib.
O bildirib ki, belə bir vəziyyətdə ittifaq ölkələrinin də Ukrayna ərazisinə girməsi mümkün olacaq.
"Mən döyüş qırğısı deyiləm, lakin Ukraynanın şərqini zəbt etmə cəhdləri mənim üçün keçilməz bir səddir. O sədd keçilsə mən sülh göyərçinindən çox ciddi sanksiyalar tələb edən insana çevriləcəm" - deyə o xəbərdarlıq məsajını göndərib.
İyulun 15-də Ağ Evdə Avropa Birliyinə üzv ölkələrin səfirləri ilə toplantı keçiriən ABŞ Prezidenti Barak Obama isə müttəfiqlərini Rusiyaya qarşı sanksiyaların verilməsində qərarlı olmağa çağırıb.
8 üzv ölkənin qadağalar məsələsində ABŞ-la birgə addım atmamaq istəyi Obamanı əsəbiləşdirib. Onun sözlərinə görə, əgər Köhnə Dünya bu məsələdə qətilik göstərməsə belə, rəsmi Vaşinqton təklikdə Rusiyanı cəzalandıracaq. Obama qeyd edib ki, artıq yeni sanksiyalarla bağlı layihə hazırdır və gələn həftədən qadağalara start veriləcək.
Xatırladaq ki, Rusiya media mənsubları Avropa Birliyinə üzv ölkələrdən 8-nin Rusiayaya qarşı sanksiyalarda yer almayacaqlarını bildirmişdi.
ABŞ Prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon danışığında isə Rusiyaya qarşı tətbiqi mümkün yeni sanksiyaları əlaqələndirməyə hazır olduqlarını bildiriblər. RİA "Novosti"nin verdiyi xəbərə görə, ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyanı Ukraynanın işlərinə müdaxilədə ittiham edirlər, Moskva bunu inkar edir və oxşar ittihamları qəbul edilməz sayır. Qərb ölkələri bir sıra rusiyalıya qarşı sanksiya tətbiq ediblər və məhdudlaşdırıcı tədbirləri genişləndirmək ilə hədələyirlər. Rəsmi Vaşinqton Aİ ölkələrində belə sanksiyalkarın tətbiqini fəal surətdə dəstəkləyir.
Ağ evin məlumatında deyilir: "Prezident və kansler Rusiyanın zəruri məbləği ödəməsinə istiqamətlənmiş, o cümlədən Ukraynada uzunmüddətli sabitliyi və çiçəklənməni dəstəkləməkdə davam etmək üçün Avropa və ABŞ arasında sıx əlaqələndirməyə nail olmaq məqsədilə digər müttəfiqlərlə birgə işləmək niyyətlərini təsdiqləyiblər".