18 gündə 800 ölü Dünya

18 gündə 800 ölü

İsrailin məktəbə atdığı mərmi 15 nəfərin həyatına son qoyub, 200 nəfər isə yaralanıb

Cavid

İsarilin Qəzza bölgəsini bombalaması davam edir. Hər gün onlarla fələstinlinin öldürüldüyü bildirilir.
Yerli Səhiyyə nazirliyinin yaydığı məlumata görə Qəzzada İsrail əməliyyatı zamanı cümə axşamından cüməyə keçən gecə ölənlərin sayı 120 nəfərə çataraq bu günə kimi ən qanlı gecələrdən biri olub. Hazirlikdən bildiriblər ki, bir həftə əvvəl quru döyüşlərinə keçid alan münaqişənin 18-ci günündə ölənlərin ümumi sayı 800 nəfərə çatıb. Bunlardan 200 uşaq, 75 qadın, 40 ahıl olduğu diqqətə çatdırılır. Yaralıların sayı isə 5 130 nəfərə çatıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən şimal şəhəri olan Beyt-Xanunda yerləşən BMT məktəbinin atəşə tutulması nəticəsində 17 fələstinli həlak olub, iki yüzü isə yaralanıb. Məktəbdə müharibə bölgəsində evlərini atıb qaçan köçkünləri qəbul edən məntəqə də mövcud olub.
Qurbanların əksəriyyəti yenə də qadın, qoca və uşaqlardır. Zərərçəkmişlər arasında məktəbin himayədarı olan BMT-nin Yaxın Şərq üzrə qaçqınlara kömək agentliyinin üzvləri olmayıb. Elə həmin agentliyin məlumatına görə 1,7 milyon əhalisi olan Qəzzada 140 min insan ölkədaxili köçkündür. Onlar bölgə boyu yayılan BMT-nin 83 məktəb məntəqəsində sığınacaq tapıblar.
Səhiyyə Nazirliyi sözcüsü həm də İsrail silahlı qüvvələri tərəfindən uşaq xəstəxanası bölgəsini atəşə tutulması məlumatı da verilib. Bu zaman qəlpələrdən biri xəstəxananın reanimasiya şöbəsində yatan 2 yaşlı uşağın həyatına son qoyub, 30 nəfər isə yaralanıb.
Qeyd edək ki, dinc əhali arasında artan ölümlərə görə İsrail tərəfi Həması günahlandırır. İsrail rəsmilərinin bildirdiyinə görə Həmas üzvləri ikili cinayət işlədərək, həm israilliləri atəşə tutur və həm də öz həmyerlilərindən "canlı sədd" düzəldirlər.
Bu arada fələstinlilər raket atışlarının sayını günü-gündən azaldır. Belə ki, ötən günlərdə 10-150 arasında dəyişən raket atışları 60-65 atışla dəyişilib.
Quru döyüşləri əvvəlki kimi Beyt-Xanun və paytaxt Qəzzanın şərqi kənarlarında, al-Beyrudci qaçqın lagerlərində və Xan-Yunis şəhərində gedir. İsril hərbiçilərinin əsas məqsədi sərhəd boyu gizli tunellərin aşkarlanmasıdır.
Dünya ölkələri münaqişənin dayandırılmasına çalışdığı bir vaxtda İsrail əməliyyatların genişləndirilməsi və cəlb olunan qüvvələrin artırılacağı barədə məlumat verirlər. Kompaniya vaxtı İsrail tərəfdən 32-si hərbiçi olmaqla 35 nəfər həyatını itirib.
"Əməliyyat davam etdikcə və Qəzzada vətəndaş itkiləri artdıqca Qərb ölkələrindəki ictimaiyyətin narahatlıqları artır və İsrailə getdikcə daha az simpatiya ilə baxılmasına səbəb olur". Bu sözləri İsrail səfəri zamanı "Sky News" televiziyasına müsahibəsində İngiltərənin xarici işlər naziri Filip Hammond deyib.
Hammond, "İsrail rəsmilərini qanuni bir şəkildə özlərini müdafiə hüquqlarını yerinə yetirərkən itkiləri minimuma edirməyə səsləyirəm" - deyib.
Qeyd edək ki, İsrailin Qəzzadakı hücumları dünya ölkələri tərəfindən tənqid edildiyi bir vaxtda qərb ölkələri İsrailə açıq şəkildə dəstək verir. Onlar Tel Əvivin qanuni müdafiə haqqını istifadə etdiyini bildirirlər.
O da bildirilir ki, İsrail hərbi birləşmələri Qəzzanın Beyt Hanun yaşayış məntəqəsində BMT-yə aid olan məktəbi tankdan atılan mərmi ilə dağıdıb.
Türkiyə mediasının verdiyi məlumata görə, atəş zamanı məktəbdə əksəriyyəti uşaqlar olmaqla 15 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.
BMT nümayəndəsi Robert Turner bölgədəki bütün məktəblərinin koordinatlarının İsrail hərbi qüvvələrinə məlum olduğunu deyib. Onun sözlərinə görə, məktəbdə olan mülki şəxslər yəhudi hərbçilərlə məktəbdə silahlıların olmadığını desələr də, İsrail Ordusunun birləşmələri heç bir xəbərdarlıq etmədən təhsil müəssisəsini atəşə tutublar.
"Əl-cəzirə" televiziya kanalına danışan həmin vaxt məktəbdə olmuş Kemal Advan adlı yaralı bildirib ki, təhlükəsiz olduğuna görə, məktəbə sığınmışdıq.
Beyt Hanun xəstəxanasının baş həkimi Ayman Hamdan isə məktəbdə baş verən hadisədən sonra yaralıların çox olduğunu çətinliklə qarşılaşdıqlarını deyib.
Məlumatda o da qeyd olunub ki, məktəbdə çoxu qadın və uşaq olmaqla 800 qaçqın yaşayıb.
İsrail-Fələstin qarşıdurmasında dinc müsəlmanların həlak olması bir sıra islami hərəkatları narahat etməyə başlayıb.
"Fələstin İslam Cihadı" hərəkatının silahlı qanadı olan Qüds hərbçiləri İsrailə qarşı "mühasirəni yarmaq" adı altında hərbi əməliyyat keçirəcəyini açıqlayıblar.
"Qüds səriyyələri" adlandırılan hərbçi qruplaşma günlərdir mühasirə altında olan Qəzzaya görə İsrailin paytaxtı Təl-Əviv şəhəri də başda olmaqla, bir sıra şəhərlərini 115 raketlə bombardman edəcəklərini bildiriblər.
Əməliyyatlar çərçivəsində hədəf seçilən şəhərlər bunlardır: Təl-Əviv, Aşdod, Birşeva (Biri Səba), Askalan və İsrailin cənubundakı Qəzza zolağında bəzi məntəqələr.
Xatırladaq ki, iyunun 12-də 3 yəhudi uşağın ölümü ilə başlayan qarşıdurmada bu günədək İsrailin havadan, qurudan və dənizdən Qəzzanın müxtəlif bölgələrinə hücumlar təşkil edir.
Bu arada İsrail ordusu isə Qəzzaya hücumundan bəri 32 əsgərinin öldüyünü bildirsə də, "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bu sayın 76 olduğunu açıqlayıb. Bu hücumlar nəticəsində 435 israilli vətəndaşın isə yaralandığı bildirilir.
Rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, bu dəqiqə əsas oyun hələ ki, Yaxın Şərqdə aparılır. O, Yaxın Şərqin üç yerə bölünəcəyini bildirib: "Dəyişikliklərin başlanması haqqında əməliyyat 2003-cü ildə İraqdan başladı. Nəticədə Səddam Hüseyn devrildi və regional böhran dövrünə start verildi. Bu, çox güman ki, İraq, Suriya və İranın bir hissəsini əhatə edən Böyük Kürdüstanın yaradılması ilə bitəcək. Məsələ Qafqaz və Yaxın Şərq də daxil olmaqla "Böyük Yaxın Şərq planı"nda miqyaslı dəyişikliklərdən gedir. Bu isə ilk növbədə Türkiyə və İranın parçalanması ilə bitəcək. Bu məqamda isə Qafqaz ölkələri, xüsusən, Azərbaycan müxtəlif bəhanələrlə regiondakı "Böyük oyun"a cəlb ediləcək. Ona görə də Rusiya Qafqaz siyasətində korrektələr etməlidir. Bunun üçün isə gələcəkdə Gürcüstan və Azərbaycandan ibarət alyans yaradılmalıdır. Amma bu gələcək çətin ki, mümkün olsun, çünki indiyə qədər çox səhvlər buraxılıb".
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Marie Harf isə Türkiyənin İsraillə "Həmas" arasında atəşkəs sazişinin imzalanmasındakkı rolundan danışıb. ABŞ rəsmisi bu işdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu amilindən söz açıb. Onun sözlərinə görə Əhməd Davudoğlu İsraillə "Həmas" arsında atəşkəs razılığının əldə edilməsində kilid, əsas bir oyunçudur: "Türkiyə bizim bu istiqamətdə apara bilmədiyimiz danışıqları reallaşdıra bilər. Açığı, bu işdə Türkiyənin xarici işlər naziri bölgədə aparıcı oyunçudur və bu mənada o vəziyyətə təsir edə bilər".