Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı Dünya

Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı

Türkiyə Silahlı Qüvvələrimnin Suriya ərazisindəki terror qruplaşmalarına qarşı gerçəkləşdirdiyi “Barış Pınarı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 277-yə çatıb.
“Anadolu” Agentliyi xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Nazirliyin açıqlamasında bildirlir ki, ötən gecə boyunca həyata keçirilən əməliyyat zamanı daha 49 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.
Müdafiə Nazirliyi “Barış Pınarı” əməliyyatı başlayandan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayının 277 nəfər olduğunu bəyan edib.
Onu da qeyd edək ki, BMT-də Türkiyənin Suriyada keçirdiyi “Sülh çeşməsi” əməliyyatına görə təcili iclas keçirib.
İclasda fikir ayrılıqları birgə sənədin qəbul olunmasına imkan verməyib.
Türkiyənin cəzalanmasını tələb edən ölkələr sırasında İsrail, Səudiyyə Ərəbistanı, Misir, Ermənistan, Kipr və Yunanıstan yer alıb. Amma Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiq olunmasına qarşı çıxan ABŞ və Rusiya yekun sənədin qəbul olunmasına mane olublar.
Hər iki ölkə Ankaraya qarşı hər hansı məhdudiyyətlərin tətbiq olunmasına qarşıdır.
Rus politoloq və tarixçi Oleq Kuznetsov bildirib ki, Kreml bu əməliyyatda maraqlı deyil və bütün təmas xətlərindəki rəsmi nümayəndələrinə - siyasi, diplomatik, hərbi - bu məsələdə həddən artıq ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib:”Yəni bu ifadələri rus kargüzarlıq-bürokratik dilindən rus danışıq dilinə tərcümə etsəniz, məlum olur ki, Rusiyanın siyasi elitası Türkiyə Silahlı Qüvvələrinin bu hərbi əməliyyatı ilə tanışdır və bu məsələdə Ankaraya xas olan entuziazmı bölüşmürlər. Suriyadakı hərbi gərginliyin artdığı açıq şəkildə ortadadır, bu, ölkədəki rus qoşunları qrupunu narahat etməyə bilməz. Lakin yeni başlayan hərbi əməliyyatlar zonası coğrafi cəhətdən rus bazalarından və Suriyadakı rus hərbçilərinin məsuliyyət bölgələrindən uzaq olduğundan, Moskva tərəfindən heç bir etiraz yoxdur. Buna görə də Moskva rəsmi Ankaranı təmkinli olmağa çağırır, düzü, Rusiya vəziyyətə birbaşa təsir etmək üçün real imkanı olmadıqda həmişə belə davranır”.
Politoloq qeyd edib ki, Suriyadakı rus hərbi qruplarının bu əməliyyatın aparılmasında türk qoşunlarına birbaşa hərbi və ya hərbi-texniki yardım göstərməyəcəyindən əmindir: “Lakin Suriyanın şimalındakı beynəlxalq terrorçularla əlaqəli kəşfiyyat məlumatlarının mübadiləsi gözləniləndir. Bunun xüsusilə də ABŞ-ın ənənəvi olaraq dəstəklədiyi ərazilərin tamamilə təmizlənəcəyi günə qədər davam edəcəyini istisna etmirəm. Çünki bu, həm Rusiya, həm də Türkiyə hərbçilərinin əsas məqsədidir. Rəsmi Ankara Moskvanın tammiqyaslı siyasi dəstəyini yalnız o zaman ala bilər ki, əməliyyatı həyata keçirərkən əvvəlcədən elan edilmiş parametrlərdən kənara çıxmasın və elan edilmiş hədəflərinə çatsın. Bütün başqa hallarda, Rusiyada deyildiyi kimi, “müxtəlif variantlar” mümkündür”.
Politoloq əməliyyatın nə zaman və hansı nəticələrlə başa çatacağını proqnozlaşdırmaqda çətinlik çəkdiyini deyib: “Bununla bağlı hər hansı bir proqnoz verməkdən çəkinirəm, çünki müharibə çox mürəkkəb bir məsələdir və əməliyyatlar teatrındakı vəziyyəti dəqiq bilmədən nəsə deməyin düzgün olmadığını düşünürəm. Hazırda döyüşən tərəflərin hərbi-texniki tarazlığını, əməliyyatın miqyasına və vaxtına təbii və iqlim amillərinin təsirini dəqiq şəkildə qiymətləndirə bilmirəm. Ancaq birmənalı olaraq bir şeyi deyə bilərəm - Türkiyə hərbi qüvvələri əməliyyat ərazisini çox yaxşı tanıyır, çünki onunla həmsərhəddir, türk qoşunları məhz belə şəraitdə hərbi əməliyyatlar keçirməyə hazırlaşdırılıb, bu əməliyyata hazırlıqlar bir ay deyil, bəlkə də bir ildən çox aparılıb. Buna görə də düşünürəm ki, Türkiyə hərbi komandanlığı bütün mümkün riskləri, döyüşlərdə iştirak edən qoşunların ehtiyaclarını, resurslarını, döyüş sursatları, hadisələrin inkişafı üçün müxtəlif ssenariləri əvvəlcədən hesablayıb, öz hücumlarına və düşməninin reaksiyasına uyğun əvvəlcədən tədbirlər görüb, bir sözlə, müharibəyə tam hazır vəziyyətdədir. Maksimum nəticəni ən qısa zamanda görmək istərdim, amma müharibədə həmişə belə olmur”.
Politoloq Zaur Məmmədov isə deyib ki, Fələstinin Türkiyənin cəzalanmasını tələb edən ölkələr sırasında yer alması Ərdoğana ciddi zərbədir: “Vaxti ilə onun müsəlman dünyasının liderliyi uğrunda antiİsrail bəyanatlarına baxmayaraq ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar. Beləliklə, bütün bunlar onu göstərir ki, vaxti ilə Atatürk çox düzgün şəkildə Avropalaşma yolunu seçmişdi.
O ki qaldı, Suriyanın şimalındakı əməliyyatlara, bu, Ərdoğanın haqqıdır. O, dəfələrlə NATO üzvlərindən, eyni zamanda regional oyunçulardan PYD -YPG ilə bağlı tədbirlər görməyi tələb etmişdi. Fakt ondan ibarətdir ki, bugün Türkiyə keçmişdən dərs çıxararaq təhlükəsizlik orqanlarından tutmuş silahlı qüvvələrinə kimi - yeni sistem qurmağı bacarıb. Bu Türkiyə daha müstəqil, daha sərbəst Türkiyədir”.
Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı isə qəzetimizə verdiyi açıqlamada bildirib ki, Türkiyənin beynəlxalq münasibətlərdə çox ciddi bir rolu var. Türkiyənin sayəsində bir çox dövlət beynəlxalq hüququ, ərazi bütövlüyünü, güc tətbiq edilməməsi prinsipini və s. dəyərləri xatırlayır: “Məsələn, ABŞ başda olmaqla bir çox dövlət illərdir ki, Əfqanıstan, İraq, Suriya və digər bəzi dövlətlərin ərazisinə müdaxilə edirlər, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və s. prinsipləri pozurlar, hətta dəfələrlə açıqca mülki hədəfləri vurublar. Amma Ərəb dövlətləri də daxil olmaqla çox sayıda dövlətin səsi çıxmayıb. Amma elə ki, Türkiyə ağır terror təhlükəsinə cavab kimi İraq ya da Suriyaya doğru kiçik bir əməliyyat keçirir, o dəqiqə Ərəb dövlətləri bir yandan, AB bir yandan başlayırlar ki, sərhədlərin toxunulmazlığı belə gəldi, suverenlik belə getdi. Ermənistan Azərbaycanın ərazilərini illərdir ki, işğal altında saxlayır, buna ciddi bir etiraz yoxdur. Şəxsən mən düşünməyə başlamışdım ki, bəlkə bu dövlətlər beynəlxalq hüququn var olduğunu ümumiyyətlə unudublar. Amma Türkiyənin kiçik bir əməliyyatı üçün tufan qoparmağa başladılar ki, beynəlxalq hüququn prinsipləri pozulur. Mən də qismən sevindim ki, bunlar ən azı beynəlxalq hüququn var olduğunu unutmayıblar. İndi məsələ qalır onun əsl mahiyyətini də bunlara başa salmağa”.
A.Aslanlı onu da vurğulayıb ki, Türkiyə hazırda dünyada məruz qaldığı təhlükəsizlik risklərinə ən yumuşaq qarşılıq verən, terror təhlükəsinə qarşı mübarizəsində hüquqi dəyərləri ən çox gözləyən dövlətdir. Siyasəti idealdırmı? Təbii ki, deyil. Həm öz maraqları, həm də ümumi prinsiplər baxımından qüsurları var: “Amma Türkiyənin xarici hərbi müdaxilələri ağır təhditlərə cavabdır (böyük terror aksiyalarından sonra və böyük risklərə cavab olaraq edilir). Qısamüddətlidir. Qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə risk təşkil etmir. Risk və riskə qarşı cavab addımı müqayisəsini aparsaq xarici hərbi müdaxilə edənlər içərisində beynəlxalq hüquqa ən bağlı olanın Türkiyə olduğunu görə bilərik”.