ABŞ Türkiyəni yenə hədələdi Dünya

ABŞ Türkiyəni yenə hədələdi

“Suriyada əməliyyatın davam etdirilməsi ABŞ tərəfindən Türkiyəyə qarşı genişmiqyaslı sanksiyaları tətbiqinə gətirib çıxaracaq”.
ASS agentliyi xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens “Fox News” telekanalına müsahibəsində bildirib.
Vitse-prezident qeyd edib ki, Vaşinqton döyüş hərəkətlərinin dayandırılmasını alqışlayır və atəşin tam dayandırılmasına ümid edir.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.
Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.
Rusiyalı siyasi ekspert Aleksey Fenenko bildirib ki, ABŞ Suriya ilə Türkiyə arasında toqquşmanın olmasını istəyir, bununla Moskva-Ankara arasında problemlərə yol açmağa, Aralıq dənizini Rusiya üçün bağlamağa çalışır.
"ABŞ-ın son hərəkətləri Türkiyə və Suriya arasında qarşıdurma olmasını istədiyini göstərir. Məsələ burasındadır ki, ABŞ özünü Türkiyənin Suriyadakı problemlərindən kənara çəkmək, Türkiyəyə bir təhlükəsizlik sahəsi verməyi planlaşdırır. Daha sonra da "Buyurun, konflikti necə istəyirsinizsə, Dəməşqlə həll edin" demək istəyir. ABŞ həmçinin Rusiya, Türkiyə və İran arasında Astana formatını, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışır. Vaşinqtonun məntiqinə görə, Türkiyə Suriya ilə uzun müddətli bir qarşıdurmaya girərsə, Moskva ilə Ankara arasındakı münasibətlərdə də çətinlik yaranar. Bu böhran nə Rusiyaya, nə Türkiyəyə lazımdır, ancaq ABŞ-ın buna çox ehtiyacı var", - Fenenko qeyd edib.