“Türkiyənin regional gücə çevrilməsi ABŞ-ı narahat edir” Dünya

“Türkiyənin regional gücə çevrilməsi ABŞ-ı narahat edir”

“ABŞ Konqresinin aşağı palatasının saxta erməni soyqrımı haqda qəbul etdiyi qərarın əsas səbəbi Türkiyənin regional gücə çevrilməsi, regionda oyunu pozan oyunçudan oyun quran oyunçuya çevrilməsidir”.
Bunu Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, indiyə qədər Türkiyə ABŞ başda olmaqla Qərbin nəzarətində hərəkət edən, Qərbin planları daxilində rol alan ölkə idi. II Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Türkiyə müstəqil siyasət aparmağa təşəbbüs göstərir. Bu təşəbbüsün uğurla başa çatacağı və ya uğursuz olacağını yaxın 5 il göstərəcək: “Beləliklə, birinci səbəb Türkiyənin asılı gücdən müstəqil gecə çevrilmək istəyidir. İkinci səbəb Türkiyənin böyük oyunçuların, xüsusilə İsrailin regional siyasətinə çomaq soxması ilə bağlıdır. Bunu həm Fələstin-İsrail məsələsinə, həm də Böyük İsrail projesinə aid etmək olar. Bunu eləcə də Qərb dünyasının və İsrailin regionda yeni kürd dövləti qurmaq layihəsi ilə də izah etmək olar. Bu məsələlərdə əsas maneə Türkiyədir. Məncə, Konqresin aşağı palatasında qəbul edilən qərar məsələnin görünən tərəfidir. Daha vacibi başlıca səbəbləri görmək lazımdır. Bunu görmədən düzgün analiz aparmaq və nəticəyə gəlmək qeyri mümkündür. Bu iki amil Türkiyənin əleyhinədir. Üçüncü amil də var: ABŞ Türkiyəni birdəfəlik itirməyə hazırdırmı? Mən bu suala müsbət cavab verməyə hazır deyiləm. Sizin verdiyiniz suala cavab da əsaslindəburada yatır. “Vaşinqton mövcud şəraitdə Türkiyəni itirməyə hazırdırmı” sualına cavab olduqca vacibdir. Xüsusilə nəzərə alınmalıdır ki, 2020-ci ilin sonunda bu, daha aydın görünəcək. Əgər ABŞ dərin dövlətinin planları dəyişməyəcəksə və milli təhlükəsizlik konsepsiyasında olduğu kimi başlıca təhdid Rusiya hesab olunursa, 2021-ci ildə Rusiya məsələsi gündəmə gələcək. Rusiya məsələsinin gündəmə gəlməsi o deməkdir ki, Qara dəniz hövzəsi gündəmə gələcək. Burada Türkiyə vazkeçilməz ünvandır. Anqlosaks strategiyasına görə, talassokratik ölkələr üçün vazkeçilməz dəniz və su yollarını nəzərə almaq lazımdır. Bu mənada Dardanel və Bosfor boğazlarının harada yerləşdiyi nəzərə alınmalıdır. Bu səbəbdən də Türkiyənin önəmi çox böyükdür. Elə bu amillərə görə də “2021-ci ildə ABŞ, Brüssel və NATO Türkiyəni itirməyə hazırdırmı” sualı ortaya çıxır. Məncə, bunun cavabını yaxın zamanlarda öyrənəcəyik”.
Politoloq NATO-nun Baş katibi Yens Stoltenberqin daima Türkiyəni dəstəkləyən bəyanatlar verməsinə də toxunub. Bildirib ki, Baş katibin mövqeyi əvvəldən belədir. NATO baş katibi postunu tutan şəxs ən azından NATO daxilində heç bir ölkə ilə ziddiyyət istəməz və terrora məruz qalan NATO dövlətinin terrorizmlə mübarizəsinə dəstək verməyə bilməz. Bu, anlaşılandır. Amma burada əsas söhbət ABŞ, Fransa, Böyük Britaniya və Almaniyadan gedir: “Türkiyədə keçirilən bütün rəy sorğularında ABŞ-a rəğbət məsələsində 90 faiz yox deyir. Amma “Türkiyənin NATO-dan çıxmasına razısınızmı” sualına 60 faizdən çoxu “xeyr” deyir. Bu nə ilə bağlıdır? Onunla bağlıdır ki, NATO-dan çıxmaq Türkiyəyə böyük ziyan verəcək. Təbii ki, NATO-ya da ziyan olacaq, amma Türkiyəyə daha çox ziyan dəyəcək. Türkiyə NATO-da ən azı ona görə olmalıdır ki, NATO üzvləri açıq şəkildə Türkiyəyə hücum edə bilməsin. Türkiyənin NATO-da üzvlüyü Ankaranın qeyri-NATO ölkələrinin təhdidlərindən qorunmaq üçün deyil, potensial olaraq NATO içində toplanan təzyiqlərdən müdafiə olunması üçün lazımdır”.
Politoloq Türk Silahlı Qüvvələrinin “Sülh çeşməsi” əməliyyatına da toxunub. Biuldirib ki, əsas təhlükə Suriyanın şimalından başlayan Şimali İraq Kürd Muxtariyyəti ilə həmsərhəd olan və Aralıq dənizinə çıxışı nəzərdə tutulan dəhlizin yaradılması idi. Yəni Suriyanın şimalında mümkün olsa müstəqil kürd dövlətinin, olmasa kürd muxtariyyətinin qurulması, gələcəkdə şərait yaranan kimi referendum keçirərək müstəqilliyi elan etmək idi: “Son nəticədə Suriya, Türkiyə, İraq və İranın ərazilərini əhatə edəcək müstəqil kürd dövlətinin qurulması nəzərdə tutulur, yəni hədəf budur. Bu hədəfə birdən-birə nail olmaq çətin olduğundan mərhələ-mərhələ işləyirlər. Məncə, indi Suriyada nəzərdə tutulan dövlətin coğrafiyası dəyişə bilər. Türkiyə “Zeytun budağı”, “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatı ilə Suriyanın şimalından İraq sərhəddinə uzanan zolağı bir neçə yerə bölərək Suriyanın şimalında zolağ halında nəzərə tutulan kürd dövləti qurulması planının qarşısı alındı. Məncə, indi qarşı tərəfin məqsədi qalır, amma planı dəyişir”.
S.Əkbər bildirib ki, əgər Suriyanın şimalında kürd dövlətini qura bilmədilərsə, məncə, indi Suriyanın şərqində buna cəhd edəcəklər: “Diqqət edirsinizsə, hətta Türkiyə ilə Rusiya arasında bağlanan razılaşmada da Türkiyə tərəfində Qamışlıya daxil olmağa razılıq verilmədi. Məncə, Qamışlıdan başlayaraq Şimali İraq Kürd Muxtariyyəti ilə sərhədi olan, şimaldan cənuba qədər uzanan qaz resurslarını əhatə edən və İranın da qarşısını alan dövlət qurulmasına yönəlik hazırlıq gedir. Bir sözlə, dövləti şimalda deyil, şərqdə quracaqlar. Qamışlıdan Deyr əz Zora qədər uzanan və Əbu Kamal sərhəd qapısını, hansı ki, İran buradan istifadə edir, əhatə edən ərazidə dövlət qurulmasından söhbət gedir. ABŞ tərəfinin neft quyularının mühafizəsi adı altında Suriyaya əlavə qüvvələr göndərməsi, İraqda iki yeni baza qurmağa başlaması da bu planla əlaqəlidir. Türkiyə qismən Suriyanın şimalında planın qarşısını aldı, amma qarşı tərəf də şərqdə bu planı həyata keçirməyə cəhd edir”.
Onun fikrincə, yenə də Türkiyə ilə sərhəddə yaradılması nəzərdə tutulur. İkincisi, İraq Kürdüstanı ilə sərhəddi olacaq və sonradan onunla birləşmə ehtimalı ortaya çıxa bilər. Amma orada bizim klassik mənada anladığımız şəkildə sərhəd yoxdur. Ərazinin bir hissəsi dağlıqdır, bir hissəsi də sərhalıqdır: “Bu plan qüvvədədir və ondan vaz keçə biləcəklərini düşünmürəm. Çünki bu strateji plandır.Geosiyasi vəziyyətə uyğun olaraq operativ-taktiki dəyişikliklər edilə bilər, amma bu plandan vaz keçilməyəcək. Əksinə dediyimiz istiqamətdə daha aqressiv şəkildə işləməyə başlayacaqlar. Türkiyənin daxil olduğu ərazilərdə isə terror aktivliyinin artacağı müşahidə edilə bilər. Çalışılacaq ki, Türkiyə daxil olduğu yerlərdə möhkəmlənə bilməsin”.