
Öldürülənlərin sayı 50-ni keçdi, insanlar vahimə içindədir
Ötən gün etirazçılara atəş açmaq əmrlərinin Ukrayna prezidentindən deyil, birbaşa Moskvadan gəldiyi barədə xəbərlər yayılıb
Dünən axşam Ukrayna paytaxtı Kiyevdə iğtişaşlar davam edib. Son məlumatlara görə, təkcə ötən gün "Berkut" xüsusi təyinatlıları və milislərlə toqquşmalarda 30-dan artıq adam ölüb.
Ukraynalı jurnalist, TVİ-nin müxbiri Artyom Şevçenko bildirib ki, "Kazatski" oteli yanında 11 meyit, Xreşatik küçəsindəki ikinci barrikada yaxınlığında 8 meyit, "Ukrayna" otelinin foyesində isə 13 meyit var. Öldürülənlərin əksəriyyəti baş və boyun nahiyyəsindən güllə yarası alıb.
Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili (ombudsman) Valeriya Lutkovskaya Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayının 50 nəfəri keçdiyini bildirib. Lutkovskaya Kiyev küçələrində və digər şəhərlərdə son günlər dəhşətli faciənin yaşandığını söyləyib. O, ölənlərin sayı barədə daha fərqli məlumatların da olduğunu deyib. V. Lutkovskaya onu da deyib ki, hüquq-mühafizə orqanlarının kütləvi iğtişaşların qarşısını almaq üçün odlu silahdan istifadə etmək hüququ yoxdur: "Heç bir beynəlxalq standart hüquq-mühafizə orqanlarına kütləvi iğtişaşların qarşısını almaq üçün atəş açmaq hüququ vermir. Əksinə, beynəlxalq sənədlər güc tətbiqi zamanı dəyəcək zərərin minimallaşdırılmasını nəzərdə tutur. Bunun əksi cinayətdir".
Dünən Ukrayna Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah paylandığını açıqlayıb. O bildirib ki, silahdan "Milis haqqında" qanuna uyğun olaraq istifadə ediləcək.
Daxili işlər naziri Vitali Zaxarçenko etirazçılara qarşı sərt tədbirlər görülməsinin məsuliyyətini öz üzərinə götürüb: "Ukrayna Təhlükəsizlik Xidməti yanında antiterror mərkəzinin fəaliyyəti çərçivəsində müvafiq əmrlər imzalamışam. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah paylanılıb".
Zakarpatyedə vilayət polisi və "Berkut" xüsusi təyinatlı dəstəsi, habelə Lvov vilayətinin Daxili İşlər İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və daxili qoşunların yerli şöbələrinin rəisləri xalqın tərəfinə keçdiklərini bəyan ediblər.
Həmçinin daxili qoşunların 1241 saylı hərbi hissəsinin komandiri, podpolkovnik Pyotr Şulyak bəyanat imzalayıb. Həmin bəyanatda bildirilir ki, tabeçiliyində olan əsgərlər dinc aksiyalara maneə olmayacaqlar, cinayətkar xarakterli əmrləri yerinə yetirməyəcəklər.
Dünən günün sonuna doğru prezident Viktor Yanukoviçin Polşa, Fransa və Almaniya xarici işlər nazirləri ilə danışıqlar apardığı məlum olub. Danışıqların artıq 3 saatdan çox davam etdiyi bildirilir.
Bu arada Kiyev dövlət şəhər administrasiyasının sədri (icra hakimiyyətinin başçısı) Vladimir Makeyenko hakimiyyətdəki Regionlar Partiyasının sıralarından istefa verdiyini bəyan edib. V.Makeyenkonin bəyanatı administrasiyanın rəsmi saytında dərc olunub. Bəyanatda deyilir: "Bu gün Ukrayna paytaxtında baş verən hadisələr bütün Ukrayna xalqının faciəsidir. Mən məsuliyyətlə bəyan edirəm ki, Ukraynanın qəlbində - Müstəqillik meydanında qardaş qırğını və qan axıdılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə hazıram. Mənim ali məqsədim insan həyatını qorumaqdır. Nə qədər ki, Ukrayna xalqı mənə inanır, mən Kiyev dövlət şəhər administrasiyasının rəhbəri səlahiyyətlərini icra etməyə davam edəcəyəm. Sözlərimin təsdiqi olaraq mən Regionlar Partiyasının sıralarından çıxmaq və Kiyev şəhərindəki həyat və fəaliyyətə görə şəxsi məsuliyyəti öz üzərimə götürməyə qərar vermişəm".
Regionlar Partiyasının parlament fraksiyasında da parçalanma meylləri baş qaldırıb. Belə ki, RP-nin 10 deputatı - Andrey Derkaç, Vladimir Zubik, Qriqori Smityux, Aleksandr Kuzmuk, Vladimir Pexov, Vladimir Prodivus, Vladimir Struk, Nikolay Soroka, Viktor Bondar, Viktor Tixonov, eləcə də bitərəf deputatlar Aleksandr və Andrey Tabalovlar xüsusi bəyanat imzalayıblar. Onlar ölkənin parlament-prezident üsul-idarəsinə qayıtması üçün təcili olaraq Ali Radanın iclasının çağırılmasını tələb edərək Ukrayna xalqının azad iradəsini dəstəklədiklərini bəyan ediblər. Deputatlar Daxili Qoşunların, DİN-in və Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularına da müraciət edərək onları Ukrayna xalqına sədaqət andına əməl etməyə və cinayətkar əmrlərin icrasından imtina etməyə çağırıblar.
RP-nin nüfuzlu deputatı Sergey Tiqipko da bəyanat yayaraq hakim partiyanın daxilində bəzi deputatlarla birlikdə böhrandan çıxış yolu axtarmaq üçün ayrıca qrup yaratdığını açıqlayıb. O, Ali Radanın sədri Vladimir Rıbakın istefasını tələb edərək parlamentə müxalifətçi deputatlardan birinin sədr seçilməsini və milli etimad hökumətinin formalaşdırılmasını tələb edib.
Bundan başqa, RP-nin bir neçə deputatının hakim partiyadan istefa verdiyi haqda məlumatlar yayılır.
Ukraynanın bəzi saytları artıq dünənki olayların Yanukoviçin iradəsi xaricində olduğu, onun müxalifətlə anlaşma əldə etməsindən sonra "Berkut" xüsusi təyinatlılarına atəş açmaq əmrlərinin Ukrayna prezidentindən deyil, birbaşa Moskvadan gəldiyi barədə xəbərlər yayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır, Kiyevdəki səfirliklə mütəmadi əlaqədədir. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O, qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi hazırda ştat rejimində işləyir, diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinə təhdid yoxdur. E.Abdullayevin sözlərinə görə, Kiyevin mərkəzində toqquşmalar zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb.
Azərbaycanın Ukraynadakı səfirliyi bir daha bu ölkədə yaşayan həmvətənlilərimizə xəbərdarlıq edib. Soydaşlarımıza özlərini bu hadislərdən kənarda saxlamaq xəbərdarlığı edilib.