Obamanın Həsən Ruhani ilə görüşü gözlənilir Dünya

Obamanın Həsən Ruhani ilə görüşü gözlənilir

Həsən Ruhani: "İran-ABŞ əlaqələri qiyamətədək bu vəziyyətdə qalmayacaq"

İranın dövlət başçısı Həsən Ruhani BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün gələn həftə Nyu-Yorka gedəcək. Səfər çərçivəsində onun ABŞ rəsmiləri ilə görüşlərinin baş tutacağı ehtimal olunur.
Qeyd edək ki, İranda İslam İnqilabının qələbə çalmasından sonra H.Ruhani ABŞ prezidenti ilə telefon bağlantısında olan ilk ölkə rəhbəridir.
"Nyu-Yorkda ABŞ və İran prezidentlərinin görüşü baş tuta bilər". İRNA agentliyinin xəbərinə görə, bu barədə ABŞ rəsmilərindən biri məlumat verib.
Onun sözlərinə əsasən, ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının iclasları çərçivəsində ölkəsində səfərdə olan Həsən Ruhani ilə proqramda nəzərdə tutulmamasına baxmayaraq, görüşməyə hazırdır.
ABŞ rəsmisi, həmçinin son iki gün ərzində Nyu-Yorkda iki ölkə nümayəndələri arasında nüvə proqramı ilə bağlı aparılan ikitərəfli danışıqlara işarə edərək, gələn günlərdə ümidverici proseslərin olacağını bildirib.
İran prezidenti Həsən Ruhani bəyan edib ki, rəhbərlik etdiyi hökumətin iradəsi və siyasəti ölkələr arasındakı gərginlikləri azaltmaqdır.
O, ABŞ-ın NBC telekanalına verdiyi müsahibədə İran və Amerika xalqlarının dünya siyasəti, elmi və mədəni inkişafında mühüm rola malik olduqlarını qeyd edib və bu səbəbdən bu xalqların yaxınlığını istəyib: "İran-ABŞ əlaqələri ilə bağlı keçmişə deyil, gələcəyə baxmalıyıq. Bu iki ölkənin əlaqələri qiyamətədək bu vəziyyətdə qalmayacaq. Bu məsələ bu və ya bundan sonrakı hökumətlərin dövründə öz həllini tapacaq".